ELM VƏ TƏHSİL
BSU-da Aprel döyüşlərinə həsr olunmuş film nümayiş olunub
Bakı, 4 aprel, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Aprel şəhidi Murad Mirzəyevin döyüş yoluna həsr olunmuş “Muradına çatmayanlar - apreldən əvvəl və sonra” sənədli filmi nümayiş olunub.
BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, filmin nümayişindən əvvəl tərbiyə işləri üzrə prorektor Xanım Sultanova çıxış edərək Aprel döyüşləri və onun qəhrəmanları haqqında gənclərə ətraflı məlumat verib. O deyib ki, Azərbaycanın qüdrətli ordusu Ali Baş Komandanın bircə əmri ilə işğal olunmuş bütün torpaqlarımızı azad etmək əzmindədir. O, Aprel döyüşlərinin xalqımızla ordunun birliyinə ən yaxşı nümunə olduğunu söyləyib və tələbə gəncləri həmin döyüşlərin qəhrəmanlarından nümunə götürməyə çağırıb. Prorektor filmin qəhrəmanı Murad Mirzəyevin keçdiyi döyüş yolundan söhbət açıb və onun adının heç bir zaman unudulmayacağını bildirib.
Qeyd edək ki, Mətbuat Şurasının sifarişi əsasında çəkilmiş 34 dəqiqəlik filmin rejissoru BSU-nun əməkdaşı Murad Muradovdur. Filmin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov, ssenari müəllifi Bəxtiyar Qaracadır.