ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetində “Saxta erməni soyqırımı” mövzusunda konfrans keçirilib
Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Bakı Slavyan Universitetində (BSU) Turan Araşdırma Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “Saxta erməni soyqırımı” mövzusunda konfrans keçirilib. Konfransın əvvəlində iştirakçılar ümummilli lider Heydər Əliyevin BSU-nun foyesində yerləşən büstü önünə gül dəstəsi düzüblər.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov illərdir mənfur ermənilərin dünya ictimaiyyətinə “erməni soyqırımı” kimi tanıtdıqları saxta tarixin əsl həqiqətlərinin gənc nəslə öyrədilməsinin vacibliyini qeyd edib. O bildirib ki, tarixboyu qəsbkar ermənilərin türk torpaqlarında məskunlaşması, türk xalqlarına qarşı törətdikləri soyqırımı aktları alimlərimiz tərəfindən ciddi araşdırılıb xalqa təqdim olunmalıdır.
Daha sonra Turan Araşdırma Mərkəzinin sədr müavini Cavid İsmayıl “Saxta erməni soyqırımı” mövzusunda geniş məruzə ilə çıxış edib. Sədr müavini bir əsrdən artıq bir dövrdə ermənilər vasitəsilə Azərbaycan xalqına qarşı zaman-zaman həyata keçirilən soyqırımı hadisələrindən, erməni terrorunun tarixindən və erməni işğallarından ətraflı bəhs edib. C.İsmayıl ermənilərin yalanlarla dünya xalqları arasında türklərə qarşı mənfi fikir formalaşdırdığını diqqətə çatdırıb, hər bir azərbaycanlının öz tarixini dərindən bilməli olduğunu vurğulayıb.
Konfrans çərçivəsində “Tarixini unutma-erməni terrorizminin tarixi” adlı film nümayiş etdirilib.
Sonra konfrans işini müzakirələrlə davam etdirib.
Konfransın mövzusunun əhəmiyyətindən bəhs edən Milli Məclisin deputatı Adil Əliyev Bakı Slavyan Universitetinin ölkəmizin ictimai-siyasi həyatında mühüm rola malik tədbirlərə daim ev sahibliyi etməsini yüksək qiymətləndirib. A.Əliyev tarixi əsası olmayan qondarma erməni soyqırımı haqqında cəfəng fikirlərə qarşı Milli Məclis tərəfindən mühüm işlərin görüldüyünü bildirib, həmçinin ölkəmizdə idman və gənclər siyasəti, ordu quruculuğu sahələrində əldə olunan nailiyyətlərdən danışıb.
Türkiyənin Azərbaycandakı təhsil müşaviri Mahmud Ağırman çıxışında XIX əsrdə Türkiyənin Ərzurum bölgəsində ermənilərin türklərə qarşı törətdikləri soyqırımına diqqət çəkib. M.Ağırman bu qətliamı erməni millətinin tarixboyu terrorizmə meyilli olmasının əsas faktı kimi dəyərləndirib.
Turan Araşdırma Mərkəzinin idarə heyətinin üzvü, tanınmış tarixçi Yunus Oğuz məruzəsində saxta erməni soyqırımı tarixinin köklərindən danışıb, qeyd edib ki, bu “soyqırımı” Ermənistanın xəstə təfəkküründən törəyən əsassız iddiadır.
Yunis Əmrə İnstitutunun Bakı filialının müdiri Cihan Özdəmir və digər çıxış edənlər də qondarma erməni “soyqırımı”nın heç bir məntiqi əsasının olmadığını bildiriblər.