ELM VƏ TƏHSİL
BSU-da Belarus Respublikasının müstəqilliyinin 75 illiyinə həsr olunan tədbir keçirilib
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də Bakı Slavyan Universitetində (BSU) Belarus dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə Belarus Respublikasının müstəqilliyinin 75 illiyinə həsr olunan tədbir keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Böyük Vətən müharibəsi zamanı Belarus xalqının mübarizəsini və ölkənin faşist işğalçılarından azad edilməsində xalqımızın qəhrəman oğullarının şücaətini əks etdirən videoçarx nümayiş olunub. Sonra tədbir iştirakçıları 9 May - Qələbə Günü münasibətilə Bakıda keçirilən təntənəli mərasimdən videogörüntüləri izləyibər.
Tədbirdə BSU ilə Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində (BDPU) fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzi arasında telekörpü yaradılıb.
Telekörpüdə BSU tərəfdən müharibə veteranı Valentina Şevçenko, BDPU-nun qonağı müharibə veteranı Tamara Pavlova döyüş xatirələrini bölüşüblər. Azərbaycanın Belarusdakı səfirliyinin nümayəndəsi Cavid İsayev, Belarus Azərbaycan İcmaları Konqresinin nümayəndələri Rövşən Əliyev, Baxşı Qəmbərov, BDPU-nun filologiya fakültəsinin dekanı, professor Vasili Denisoviç, Azərbaycan dili və mədəniyyəti mərkəzinin müdiri Şəfiqə Məmmədova tədbirlə bağlı fikirlərini bildiriblər.
Belarusun ölkəmizdəki səfirliyinin nümayəndəsi İnessa Pavlovskaya, BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Belarus dili və mədəniyyəti mərkəzinin müdiri Albina Seyidova Qələbə Günü və Belarusun müstəqilliyinin 75 illiyi münasibətilə təbriklərini çatdırıblar.
Sonra Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə həsr olunan və BDPU tərəfindən keçirilən “54-cü Ulduz yürüşü” adlı beynəlxalq tədbirdə iştirak edən BSU-nun tələbələri Fidan Əsgərovaya, Albina Qasımovaya, Gündüz Məmmədova və Vaqif Yəhyalıya diplomlar təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə BDPU-nun Azərbaycan dili və mədəniyyəti mərkəzində təhsil alan belaruslu tələbələr Azərbaycan dilində şeir və mahnılar oxuyublar. BSU tərəfdən isə 164 nömrəli orta məktəbin şagirdlərinin ifasında Belarus dilində şeir və Azərbaycan mahnıları səsləndirilib.