CƏMİYYƏT


Şagirdlər narkomaniya və onun fəsadları barədə ətraflı məlumatlandırılır

Bakı, 20 may, AZƏRTAC

Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə Gənclər Mərkəzində “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə” mövzularında şagirdlərlə görüş keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Rəşid Piriyev şagirdlərə narkomaniya və onun fəsadları ilə bağlı ətraflı məlumat verib, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemləri diqqətə çatdırıb. R.Piriyev qeyd edib ki, narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda maarifləndirici tədbirlər davamlı keçirilməlidir. Hər kəs bu istiqamətdə görülən işlərdə fəal olmalı, hüquq-mühafizə orqanları tərəfindən keçirilən profilaktiki tədbirlərdə iştirak etməlidir.

Beyləqan rayon prokuroru Azər Osmanov erkən nikahın səbəb olduğu problemlərdən söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə edilmək hüquqlarının olduğunu vurğulayıb. Qeyd edib ki, hər bir şagird hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır. Yeniyetmə və gənclərimiz yüksək təhsil almalı, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalı, idmanla məşğul olmalı, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüməli, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalı, cəmiyyətdə sağlam fərdə çevrilməlidirlər.

Daha sonra RPŞ-nin əməkdaşı polis mayoru, Samir Musayev dini radikalizmin formalaşmasından və insanlara mənfi təsirindən bəhs edib. Bildirib ki, cəmiyyətdə əmin-amanlığı, sabitliyi pozmağı özünə məqsəd seçən belə qruplaşmaların qurbanları əsasən gənclərdir. Gənclər radikal qruplaşmaların yalanlarına, xurafat dolu vədlərinə, təxribatçılıq əməllərinə uymamalıdırlar. Bu mübarizədə valideynlər fəal olmalıdırlar.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.