İQTİSADİYYAT


Azərbaycanla Rusiyanın nüvə və radiasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan ilə Rusiya arasında nüvə və radiasiya texnologiyaları, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiyanın nüvə enerjisi üzrə dövlət korporasiyası “Rosatom”un nümayəndə heyəti arasında görüş olub. 360 təşkilatı özündə birləşdirən nüvə enerjisi üzrə beynəlxalq korporasiya və Azərbaycan tərəfinin rəsmiləri ümumi əlaqələrin vəziyyəti, gələcək perspektiv üzrə müzakirələrin keçirilməsi haqqında danışıqlar aparıblar.

Tərəflər nüvə elmləri, nüvə və radiasiya texnologiyaları, nüvə enerjisindən dinc məqsədlərlə istifadə və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüşdə Rusiya tərəfindən “Rosatom” şirkətinin direktor müavini Spasskiy Nikolay Nikolayeviç, Merten Aleksandr Aleksandroviç və “Rusatom” Beynəlxalq Şəbəkəsinin direktoru iştirak edib.

Görüş zamanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzi ilə “Rosatom” dövlət korporasiyasının qurumları arasında kadr hazırlığı, nüvə-elmi tədqiqatlar işinin aparılması və gələcək perspektivlər müzakirə olunub.

Danışıqların əsas mövzusu “Rosatom” şirkəti ilə Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzi arasında nüvə fizikası və reaktoru sahəsində mütəxəssisin hazırlanması, gələcəkdə bu işlərin genişləndirilməsi olub. Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzinin böyük nüvə reaktoru və digər avadanlıqların olmadığını nəzərə alaraq “Rosatom” şirkətinin qurumları ilə bu istiqamətdə geniş işlər görüləcəyi qərara alınıb.

Bundan başqa, milli nüvə, elmi tədqiqat obyektlərinin qurulması, iki şirkət arasında bu istiqamətdə qarşılıqlı memorandumun diplomatik qaydada imzalanması məsələsinə də toxunulub.

Növbəti mərhələdə “Rosatom” şirkətinin böyük nümayəndə heyətinin Azərbaycana səfəri və nüvə konfransının keçirilməsi planlaşdırılır. Azərbaycanlı mütəxəssislərin mütəmadi olaraq “Rosatom” şirkətinin keçirdiyi layihələrdə iştirakı və təcrübə mübadiləsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.