REGİONLAR


Naxçıvanda ot-taxıl biçini dövründə görüləcək yanğın təhlükəsizliyi tədbirləri müzakirə olunub

Naxçıvan, 25 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsində muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin olunması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, həmçinin biçin zamanı taxıl zəmilərində işləyəcək kənd təsərrüfatı texnikaları və aqreqatların hazırlığı ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda maarifləndirici tədbir təşkil edilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirliyin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Ehtiram Məmmədov iştirakçılara ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi tədbirlərinin düzgün həyata keçirilməsinin vacibliyindən danışıb. O, biçin aparılan taxıl sahələrində Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin əməkdaşlarının iştirakı ilə patrul xidmətlərin təşkilindən, intensiv biçin aparılan sahələrdə yanğınsöndürmə avtomobillərin heyətlərlə növbə çəkmələrindən və aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə həyata keçirilən tədbirlərdən ətraflı bəhs edib.

Sonra muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyinin Texniki nəzarət və aqroserviz sektorunun müdiri Valeh Mehdiyevin, Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis mayoru İman Quliyevin, Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi, daxili xidmət mayoru Mirtaleh Seyidovun çıxışları olub. Çıxışlarda muxtar respublikanın ərazilərində biçin dövründə taxıl zəmilərində işləyəcək kombaynların və digər kənd təsərrüfatı texnikalarının hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı görülmüş tədbirlər, ot-taxıl biçini dövründə vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması, biçindən sonra sahələrin yandırılmasına görə tətbiq olunan inzibati məsuliyyət növləri, yanğın təhlükəsizliyi qaydalarına riayət olunması üçün qarşılıqlı əlaqədə görüləcək işlər haqqında danışılıb.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsullarının istehsalı, toxumçuluq və aqrokimyəvi xidmət şöbəsinin müdiri Xaliq Abbasov taxıl biçini dövründə sahibkarların və torpaq mülkiyyətçilərinin qarşısında duran əsas vəzifələr, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin texniki şöbənin rəisi Həzi Həsənov və “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühəndis mexaniki Fəxrəddin Nemətov taxıl biçini kampaniyasına hazırlıqla bağlı Naxçıvan şəhər və onun rayon bazalarında mövcud olan kombaynların və digər kənd təsərrüfatı texnikalarının texniki sazlığı və onların biçinə hazırlığı ilə bağlı görülmüş tədbirlər haqqında ətraflı məlumat veriblər.

Tədbirdə iştirakçıların sualları cavablandırılıb və ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydaları ilə bağlı slaydlar təqdim olunub.

Sonda Ehtiram Məmmədov Fövqəladə Hallar Nazirliyi tərəfindən bu sahədə maarifləndirici tədbirlərin davam etdiriləcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.