DÜNYA
Bu ilin birinci rübündə Dubayda qeyri-neft məhsulları ticarətinin həcmi 7 faiz artıb
Dubay, 12 iyun, AZƏRTAC
2019-cu ilin birinci rübündə Dubayda qeyri-neft məhsulları ticarətinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artaraq, 339 milyard dirhəmə çatıb.
AZƏRTAC xəbər verir ki, Dubay gömrükxanasının məlumatına görə, ixracın həcmi 30 faiz artaraq 42 milyard dirhəm, təkrar ixracın həcmi 7 faiz artaraq 106 milyard dirhəm, idxalın həcmi isə 4 faiz artaraq 190 milyard dirhəm olub.
Dubayın vəliəhd şahzadəsi və Dubay İcraiyyə Şurasının sədri şeyx Həmdan bin Məhəmməd bin Rəşid Al-Məktum bildirib ki, bu rəqəmlər Əmirliyin iqtisadiyyatı şaxələndirmək planlarına uyğundur. Onun sözlərinə görə, bu yüksək göstəricilər və qeyri-neft məhsullarının xarici ticarətinin həcminin nəzərəçarpacaq dərəcədə artması onu göstərir ki, Əmirlik 50 illik Xartiyada şərh olunmuş dəyərlərə və standartlara uyğun olaraq gəlirlərin şaxələndirilməsi istiqamətində doğru yoldadır.
Dünyada ən iri liman operatorlarından biri olan “DP World Group”un sədri və baş icraçı direktoru, eyni zamanda, “Limanlar, gömrükxana və sərbəst zona” Korporasiyasının sədri Sultan bin Sulayemin fikrincə, “mürəkkəb makroiqtisadi və geosiyasi şəraitə” baxmayaraq, qeyri-neft məhsulları ticarətinin həcmi artıb.
Bu ilin birinci rübündə Dubayın ən iri ticarət tərəfdaşı Asiya olub. Onların qarşılıqlı ticarətinin həcmi 7 faiz artaraq 208 milyard dirhəmə çatıb. Dubayın ikinci böyük tərəfdaşı Avropa ilə ticarətin həcmi 58 milyard dirhəmə çatıb. Afrika ilə Dubayın ticarət münasibətlərində daha böyük artım müşahidə olunub. Bu göstərici 36 faiz artaraq 42 milyard dirhəmə bərabər olub.
Ayrı-ayrı ölkələrə gəldikdə, 2019-cu ilin birinci rübündə Dubayın ən iri ticarət tərəfdaşı Çindir. Sonrakı yerləri Hindistan və Amerika Birləşmiş Ştatları tutur. Bu ölkələrlə Dubayın ticarət dövriyyəsinin həcmi, müvafiq surətdə, 36 milyard dirhəm (illik 8 faiz artım), 33 milyard dirhəm (40 faiz artım) və 20 milyard dirhəm (10 faiz) olub.
Ərəb ölkələrindən Dubayla qeyri-neft məhsulları ticarəti üzrə ən iri tərəfdaş Səudiyyə Ərəbistanı olub (13,2 milyard dirhəm).
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay