İQTİSADİYYAT
İtaliya Azərbaycan gömrüyü ilə qarşılıqlı təcrübə və məlumat mübadiləsini gücləndirmək niyyətindədir
Bakı, 12 iyun, AZƏRTAC
İtaliya Azərbaycan gömrüyü ilə qarşılıqlı təcrübə və məlumat mübadiləsini gücləndirmək niyyətindədir.
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, iyunun 12-də komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev İtaliya Gömrük Xidmətinin rəhbəri Benedetto Mineo ilə görüşüb.
Görüş Bakıda, Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi çərçivəsində baş tutub.
S.Mehdiyev iki ölkə arasındakı sıx əməkdaşlıq münasibətlərindən danışaraq bildirib ki, bütün sahələrdə qurulan əlaqələr dostluq və tərəfdaşlıq zəminində yüksələn xətlə inkişaf etməkdədir. Gömrük sahəsində qurulan səmərəli əməkdaşlıqdan da söz açan komitə sədri qeyd edib ki, Azərbaycan Gömrük Xidməti bütün sahələrdə beynəlxalq əməkdaşlığa, o cümlədən təcrübə və məlumat mübadiləsinə xüsusi önəm verir.
İtaliya Gömrük Xidmətinin rəhbəri B.Mineo iki ölkə arasındakı münasibətlərdən, Azərbaycan və onun inkişafından, eləcə də gömrük orqanlarındakı islahatlardan məmnunluqla bəhs edib. Qonaq Azərbaycan gömrüyündə son dövrlərdə həyata keçirilən islahatları və mütərəqqi layihələri yüksək dəyərləndirib, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin gücləndirilməsinin ümumi işə fayda verəcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.