MƏDƏNİYYƏT
“Ostrovski – FEST” Beynəlxalq Teatr Festivalını azərbaycanlı artistin iştirakı ilə “Kontrabas” tamaşası açacaq
Bakı, 14 avqust, AZƏRTAC
Rusiyanın Kineşma şəhərində keçirilən “Ostrovski – FEST” I Beynəlxalq Teatr Festivalı çərçivəsində avqustun 14-də göstəriləcək ilk tamaşa Patrik Zyuskindin “Kontrabas” tragikomediyası olacaq.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, tamaşanın quruluşçu rejissoru, Azərbaycanın Xalq artisti İrina Perlovadır. Kontrabasçı rolunu Azərbaycanın və Rusiyanın Kalmıkiya Respublikasının Əməkdar artisti Şövqü Hüseynov ifa edir.
“Kontrabas” XX əsrin ən böyük nasirlərindən biri - Patrik Zyuskind tərəfindən yazılıb. Bu, intellektual, fəlsəfi və özünə istehza notları ilə son dərəcə zəngin nəsr əsəridir. Əsərin parlaqlığı, emosional ifadə tərzi, yumoru və burada insan təbiətinin dərindən başa düşülməsi tamaşanın rejissoru İrina Perlovaya imkan verib ki, özünəməxsus müəllif kompozisiyası və səhnə əsəri yaratsın. Tamaşanın baş və yeganə qəhrəmanının - Musiqiçinin gözlə görünməyən opponentləri və tərəfdaşları, yəni daxili monoloq-dialoqunun personajları daim onun yanındadırlar.