ELM VƏ TƏHSİL
ADPU-nun əməkdaşı “Böyük Çin səddi” təqaüd proqramının qalibi oldu
Bakı, 11 sentyabr, AZƏRTAC
UNESKO-nun Çin Xalq Respublikası (ÇXR) ilə birgə 2019-2020-ci tədris ili üçün elan etdiyi “Böyük Çin səddi” təqaüd proqramının nəticələri açıqlanıb. Proqram üzrə Azərbaycandan bir vətəndaşın namizədliyi təsdiqlənib. Qalib namizəd Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Sahil Qələndərovdur.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, Sahil Qələndərovun Şansi Pedaqoji Universitetində Çin dili hazırlıq mərhələsini keçdikdən sonra magistratura üzrə kurikulum və metodologiya ixtisasında təhsil alması nəzərdə tutulur.
Qeyd edək ki, təqaüd proqramı çərçivəsində tələbənin təhsil haqqı, yataqxana, eləcə də aylıq təqaüd və tibbi sığorta xərcləri ÇXR tərəfindən, yol xərci isə UNESKO tərəfindən ödəniləcək.