ELM VƏ TƏHSİL
İngilis dili müəllimlərinin tədris bacarıqları təkmillləşdirilir
Bakı, 23 sentyabr, AZƏRTAC
“Uğur üçün Tədris” (SPEX) layihəsi çərçivəsində diltəkmilləşdirmə təlimləri keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, təlimlərin keçirilməsində əsas məqsəd müəllimlərin ingilis dilində danışıq səriştəsinin artırılması, dil və tədris bacarıqlarının təkmilləşdirilməsi, onların əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqinin daha da inkişaf etdirilməsindən ibarətdir.
“British Council”un peşəkar təlimçiləri tərəfindən aparılan təlimlər Beynəlxalq Aptis İmtahanının nəticələrinə əsasən, Səbail, Suraxanı və Xətai rayonları üzrə müəyyən edilmiş təlim mərkəzlərində təşkil olunacaq.
Həftədə 2 dəfə keçirilməsi nəzərdə tutulan təlimlərdə 370 ingilis dili müəllimi iştirak edəcək.
Təlimləri uğurla başa vuran müəllimlər layihənin növbəti mərhələsi olan metodologiya təlimlərinə cəlb ediləcəklər. Təlimlərdən keçən müəllimlərə sertifikat təqdim ediləcək.
Qeyd edək ki, “Uğur üçün tədris” (SPEX) layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.