REGİONLAR
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Lənkəran və Astara rayonlarının sakinlərini qəbul edib VİDEO
Lənkəran, 4 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə oktyabrın 4-də Lənkəran şəhərində Lənkəran və Astara rayonlarının sakinlərini qəbul edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbuldan əvvəl Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Yuxarı Xanbulançay Hidroqovşaqların İstismarı İdarəsinin inzibati binasında keçirilən qəbulda müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, yeni subartezian quyularının qazılması, sel sularına qarşı mühafizə bəndlərinin tikilməsi, suvarma kanallarının beton üzlüyə alınması, həmçinin Cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələlərlə bağlı olub.
Vətəndaşlar tərəfindən edilən müraciətlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan məsələlər isə nəzarətə götürülüb.
Həmin gün Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Zakir Quliyev Cəlilabad rayonunda, Rafiq Aslanov isə Masallı rayonunda vətəndaşları qəbul ediblər.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün lazımi şəraitin yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.