MƏDƏNİYYƏT


Musiqili Teatrın yaradıcı kollektivi daha bir beynəlxalq festivalda iştirak edəcək

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı kollektivi daha bir Beynəlxalq tədbirdə – Albaniyanın Elbasan şəhərində keçiriləcək XXI ənənəvi “Skampa -2019” Beynəlxalq Müasir Teatr Festivalında iştirak üçün bu ölkəyə yola düşüb.

Albaniyalı rejissor Adonis Filippinin bədii rəhbərliyi ilə ərsəyə gələn festival çərçivəsində müxtəlif seminarlar, tamaşaların təqdimatı, konsertlər, sərgilər, görüşlərin təşkili, habelə mədəniyyətlərarası dialoqun qurulması, beynəlxalq səhnə təcrübələrinin qarşılıqlı mübadilə ilə bağlı geniş müzakirələr aparılacaq.

Albaniya ilə yanaşı, ABŞ, İtaliya, Rumıniya, Polşa, Macarıstan, Kosova, Şimali Makedoniya və dünyanın bir çox müxtəlif nüfuzlu teatrlarının qatıldığı bu ənənəvi festivalda ölkəmizi Akademik Musiqili Teatr təmsil edəcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, festivalda sənət ocağının kollektivi tərəfindən Samuel Bekketin məşhur “Qodonun intizarında” pyesi əsasında hazırlanan eyniadlı tamaşasını göstəriləcək.

Xalq artisti, professor Fərəc Qarayev tərəfindən dünyada ilk dəfə simfonik musiqi bəstələnən bu əsər ötən mövsümdən teatrın repertuarına daxil olub.

Tamaşanın bədii rəhbəri sənət ocağının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr diplomçusu Yunis Vəlipurdur.

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanlı, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, konsertmeysteri Nərminə Əbdürəhmanova, səhnə tərtibatı Qabil Gözəlov, rejissor assistenti Əliməmməd Novruzovdur.

Əsərdə Estraqon (Qoqo), Vladimir (Didi), Poçço, Lakki, Oğlan obrazlarını Əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar - Əliməmməd Novruzov, Hüseyn Əlili və teatrın on beş yaşlı aktyoru Hüseyn Nağıyev ifa edirlər.

Bundan başqa, tamaşa dekabr ayında İran İslam Respublikasının Təbriz şəhərində keçiriləcək ikinci Alef Beynəlxalq Teatr Festivalına da dəvət alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.