İQTİSADİYYAT
Azərbaycanla Avstriyanın nəqliyyat və innovativ texnologiyalar sahəsində əməkdaşlığının hazırkı vəziyyəti müzakirə olunub
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycanla Avstriya arasında nəqliyyat və innovativ texnologiyalar sahəsində əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 10-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Avstriya Parlamentinin Ətraf Mühit Komitəsinin sədri Yohannes Şmukenşlaqer, parlamentin Turizm Komitəsinin sədri Qerald Hauzer, Aşağı Palatasının üzvü, Avstriya Xalq Partiyasının Aşağı Avstriya Federal Torpağı üzrə Gənclər Təşkilatının sədri Bernhard Haynrayxberqer, Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının Azərbaycan və Avstriya tərəfindən həmsədrləri və Avstriyanın “TÜV Austria”, “Frequentis”, “Rail Cargo Austria AG”, “Tachograph INTELLIC” şirkətlərinin nümayəndələri iştirak ediblər.
Görüşdə iki ölkə arasında nəqliyyat və innovativ texnologiyalar sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının fəaliyyətindən danışılıb, eyni zamanda, Avstriya şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub.