DÜNYA
Koreya Respublikası Prezidentinin məktubu Yaponiyanın Baş Nazirinə təqdim edilib
Tokio, 24 oktyabr, AZƏRTAC
İmperator Naruhitonun taxtaçıxma mərasimlərində iştirak etmək üçün Tokioya gəlmiş Koreya Respublikasının Baş Naziri Li Nak Yon oktyabrın 24-də Yaponiyanın Baş Naziri Şinzo Abe ilə görüşü zamanı Prezident Mun Çe-inin məktubunu ona təqdim edib.
Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın Yaponiyadakı bürosuna verilən məlumatda məktubun məzmunu açıqlanmır.
Görüşdə iki qonşu ölkə arasında son vaxtlar müharibə dövrünün tarixi ilə bağlı yaranmış gərginliyin və ticarət mübahisəsinin aradan qaldırılmasının vacibliyi vurğulanıb.
Xatırladaq ki, Tokio və Seul arasında münasibətlər ticari qarşıdurma fonunda xeyli gərginləşib. İyulun əvvəllərində Yaponiya Koreya Respublikasına ixrac edilən və əsasən elektron qurğular üçün nəzərdə tutulan üç növ materialın göndərilməsinə nəzarəti gücləndirib. Avqustda isə Tokio Koreya Respublikasını yapon nanotexnologiyalarının göndərilməsi üzrə güzəştli siyahıdan çıxarıb. Bunun cavabında sentyabrda Seul Yaponiyanı özünün prioritet tərəfdaşlar siyahısından çıxardığını elan edib.
Tərəflər arasında gərginliyin aradan qaldırılması məqsədilə Xarici İşlər nazirləri səviyyəsində keçirilən görüşlər və aparılan müzakirələr heç bir nəticə verməyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio