ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutunda “Hər rəngində mən varam” filmi nümayiş olunub

Bakı, 8 noyabr, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) dəstəyi ilə lentə alınan 9 noyabr – Dövlət Bayrağı Gününə həsr edilmiş “Hər rəngində mən varam” filminin təqdimat mərasimi keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor Ceyhun Məmmədov hər bir millətin qürur mənbəyinin onun dövlət atributları olduğunu qeyd edib. “Bayraq tariximiz, keçmişimiz, bu günümüz, müqəddəs dövlət rəmzimizdir” – deyən rektor Azərbaycan xalqının zaman-zaman öz azadlığı uğrunda fədakar mübarizə apardığını, canı, qanı hesabına müstəqil dövlət qurduğunu, öz üçrəngli bayrağını ucaltdığını söyləyib.

Ceyhun Məmmədov ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasətini hər sahədə uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycanın milli dövlət atributlarını uca tutduğunu və konkret addımlarla bu ruhu gənclərə aşıladığını xüsusi vurğulayıb.

Rektor bildirib ki, institut keyfiyyətli tədrislə yanaşı, tələbələrin dünyagörüşünün formalaşdırılmasına, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə də xüsusi önəm verir. O qeyd edib ki, gənclərimiz sağlam ruhda böyüməli, milli-mənəvi dəyərlərimizi qorumalıdır.

MDTF-nin icraçı direktoru Mehman İsmayılov dövlət bayrağımızın tarixindən danışıb. Diqqətə çatdırıb ki, müstəqilliyimizin rəmzi olan bayrağımız həmişə uca tutulub, onun qorunması və mühafizəsi ilə bağlı bir çox qanun və sərəncamlar verilib.

Mehman İsmayılov daha sonra bildirib ki, fond maarifləndirmə işini bir neçə istiqamətdə həyata keçirir. Bura müxtəlif mövzularda konfransların, seminarların, dəyirmi masaların keçirilməsi, həmçinin kitabların nəşri, sosial videoçarxların və sənədli filmlərin hazırlanması daxildir. Ali təhsil müəssisəsi ilə əməkdaşlıq əlaqələrindən söhbət açan Mehman İsmayılov bildirib ki, institutun 43 tələbəsi bu il fondun təsis etdiyi təqaüdlə təmin olunacaq.

Sonda “Hər rəngində mən varam” filmi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.