İQTİSADİYYAT
13 oktyabr - dəmir yolu işçilərinin peşə bayramı günüdür
Bakı, 13 oktyabr (AZƏRTAC). 13 oktyabr - dəmir yolu işçilərinin peşə bayramı günüdür.
Bu bayram Prezident İlham Əliyevin 2005-ci il 7 oktyabr tarixli Sərəncamı ilə təsis edilmişdir. Azərbaycanda dəmir yolu nəqliyyatının yaranma tarixi XIX əsrin sonlarına təsadüf edir. Bakıda neft sənayesinin inkişafı həmin məhsulun daşınma zəruriyyətini yaratmışdır. Odur ki, polad magistralların çəkilişinə də həmin dövrdə- 1878-ci ildə başlanılmışdır. 20 kilometr uzunluğunda Bakı-Suraxanı-Sabunçu xətti çəkilmiş və 1880-ci ildə istifadəyə verilmişdir. Uzun müddət Zaqafqaziya dəmiryolunun tərkibində Bakı hissəsi kimi fəaliyyət göstərən Azərbaycan dəmiryolu keçmiş SSRİ Nazirlər Sovetinin 1955-ci il 11 oktyabr tarixli qərarı ilə Ümumittifaq Yollar Nazirliyinin tərkibindən ayrılmış, müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirmişdir.
130 illik şərəfli bir dövr yaşayan Azərbaycan dəmir yolu ümummilli lider Heydər Əliyevin qayğı və diqqəti sayəsində keçən əsrin 70-80-ci illərində daha da inkişaf etmişdir.
XX əsrin 90-cı illərinin əvvəllərində Sovetlər İttifaqı dağıldıqdan sonra dəmir yolu sahəsi tənəzzülə uğrasa da, ulu öndər Heydər Əliyevin xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdışı ilə ölkənin polad şəbəkəsi dirçəliş dövrünə qədəm qoymuşdur. Dəmir yolunun idarəetmə strukturları dəyişdirilmiş, xidmət və şöbələrin bazasında müstəqil fəaliyyət göstərən istehsalat birlikləri, müəssisə və təşkilatlar yaradılmışdır. Ölkədaxili, qonşu ölkələrə sərnişin daşınmasının yüksək səviyyədə təşkili üçün yeni vaqonlar alınmış, qonşu ölkələrin dəmir yolları ilə iqtisadi əlaqələr bərpa edilmişdir. Dəmir yolu vasitəsilə tranzit yüklərin daşınmasına da böyük əhəmiyyət verilmişdir. 1996-cı ildən hazırkı dövrədək ölkə ərazisindən dəmir yolu vasitəsilə daşınan tranzit yük dövriyyəsi ilbəil artmışdır.
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları Azərbaycan dəmiryolunun tərəqqisinə də öz müsbət təsirini göstərmişdir. Tbilisidə xalqlar arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi ilə bağlı sazişin 2007-ci il fevralın 7-də imzalanması tarixi hadisədir. Bu layihə Xəzər hövzəsi regionunun və Mərkəzi Asiya ölkələrinin Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin qurulmasına, yük və sərnişinlərin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə birbaşa Avropaya çıxışına və ölkəmizin Avropaya inteqrasiyası prosesinin sürətləndirilməsinə xidmət edəcəkdir.
Dəmir yolu nəqliyyatının inkişafının beynəlxalq standartlar səviyyəsinə çatdırılması məqsədi ilə dövlətimizin başçısının “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında 2009-cu il 20 iyul tarixli Sərəncamı ölkəmizdə dəmir yolunun inkişafında mühüm bir addım olmuşdur.
Hazırda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.