REGİONLAR
Lənkəranda xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət davam etdirilir
Lənkəran, 31 mart, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Lənkəran rayonunda təxirəsalınmaz və qabaqlayıcı tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonda xüsusi karantin rejiminin tələblərinin icrası vəziyyəti ilə yaxından tanış olmaq məqsədilə şəhərin park və bağlarını gəzib, sakinləri karantin rejiminin tələblərini ciddi şəkildə yerinə yetirməyə, ehtiyac olmadığı təqdirdə evdən çıxmamağa çağırıb.
T.Qaraşov şəhər icra hakimiyyəti aparatının, inzibati ərazi dairələri nümayəndəliklərinin, bələdiyyələrin, polis orqanlarının və digər qurumların nümayəndələrindən ibarət 750 nəfərlik mobil qrupun üzvləri ilə görüşərək, onlara əhali arasında fərdi qaydada maarifləndirmə işlərinin gücləndirilməsi ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
İcra başçısı, həmçinin şəhər ərazisində çoxmənzilli binaların ümumi istifadə yerlərində, girişlərində, pilləkən və həyətlərində, məişət tullantılarının atıldığı konteyner meydançalarında, küçə və prospektlərdə, parklarda, avtobus dayanacaqlarında həyata keçirilən dezinfeksiya tədbirləri ilə də maraqlanaraq, müvafiq qurumların rəhbərlərinə tapşırıqlarını verib.