CƏMİYYƏT
“Sağlamlığımız milli həmrəyliyimizdir” kampaniyası davam edir
Bakı, 7 iyul, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının Gənclər Birliyi “Sağlamlığımız milli həmrəyliyimizdir” kampaniyasını davam etdirir.
YAP Gənclər Birliyindən AZƏRTAC-a bildiriblər ki, rayon Gənclər Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq olunmuş xüsusi karantin rejimi dövründə rayon ərazisində əhalinin kütləvi toplaşdığı yerlərdə maarifləndirmə tədbirləri həyata keçirilib.
Gənclər Birliyinin könüllüləri rayon ərazisində gəzərək sakinlərə tibbi maska, əlcək, maarifləndirici buklet paylayıb, həmçinin virusdan qorunmaq üçün davranış qaydalarını əks etdirən müxtəlif məlumat lövhələri asılıb.
Sonra kimsəsiz və aztəminatlı ailələrə ərzaq və gigiyenik vasitələrdən ibarət paylar rayon Gənclər Birliyinin könüllüləri vasitəsilə verilib. İlkin olaraq beş ailə bu yardımdan faydalanıb.
Qeyd edilir ki, YAP Biləsuvar rayon Gənclər Birliyinin başlatdığı kampaniyanın davamı olaraq rayon mərkəzini və kəndləri əhatə edəcək.