REGİONLAR


Masallıda Məhərrəmlik mərasimləri ilə bağlı videokonfrans keçirilib

Masallı, 15 avqust, Bağır Əliyev, AZƏRTAC

Avqustun 21-də Hicri təqviminə əsasən Məhərrəm ayının başlanması ilə əlaqədar Masallıda videokonfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, qaşıdan gələn Məhərrəm ayında, habelə yas məclislərində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qaydalara ciddi riayət olunmalıdır.

Qeyd olunub ki, son günlər ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının sayında, xəstəliyin yayılma dinamikasında azalma, ölkə üzrə xüsusi karantin rejimində bəzi yumşalma halları bizi arxayınlaşdırmamalıdır.

Videokonfransda rayon icra hakimiyyətinin Hüquq şöbəsinin müdiri Məmmədhüseyn Hüseynov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Seyfəddin Əliyev, rayon prokurorunun müavini Cahangir Qurbanov, polis şöbəsinin bölmə rəisi Elşən Talıbov, Dövlət Təhlükəsizliyi Xidməti rayon şöbəsinin rəis müavini Rasim Nəsirov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov və başqaları çıxış ediblər.

Diqqətə çatdırılıb ki, rayon icra hakimiyyəti və polis şöbəsinin əməkdaşları koronavirus infeksiyası ilə mübarizə məqsədilə yaradılmış mobil qruplar tərəfindən rayonun bütün ərazilərində Məhərrəm ayında “Aşura” mərasimləri ilə bağlı reydlər keçiriləcək, xüsusi karantin rejimi qaydalarını pozaraq evlərdə təkyə quran, dini mərasim təşkil edən və bu mərasimlərdə kütləvi şəkildə toplaşanlar barəsində qanunamüvafiq cəza tədbirləri görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.