SİYASƏT
15 iyun - Azərbaycanı inkişafa aparan yolun başlanğıcı
Bakı, 12 iyun, AZƏRTAC
Azadlıq, müstəqillik hər bir xalq, dövlət üçün ən müqəddəs nemətdir. Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi uğrunda illərlə mübarizə apararaq bu yolda minlərlə şəhid verib. Ulu öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisi hər bir dövr üçün öz aktuallığını qoruyur, birliyə, həmrəyliyə bir çağırış kimi önə çəkilir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışının müasir tariximizin önəmli hadisələrindən biri olduğunu bildirən Hikmət Şikarov qeyd edib ki, 1993-cü il 15 iyun tarixi ilə ölkəmizin həyatında yeni dövr başlandı, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyuldu. Xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuş Milli Qurtuluş Günü ölkəmizin hər yerində dahi lider, ölməz şəxsiyyət Heydər Əliyevə dərin hörmət və məhəbbətlə, böyük minnətdarlıq hissi ilə qeyd olunur.
“Bildiyimiz kimi, 1990-cı illərin əvvəllərində respublikada vəziyyət çox ağır idi. Ölkədə xaos, anarxiya, özbaşınalıq hökm sürür, iqtisadi böhran yaşanırdı. Məhz belə bir ağır dövrdə xalqın israrlı tələbi ilə Bakıya gələn ulu öndər Heydər Əliyev Ali Sovetin Sədri kimi fəaliyyətə başladığı ilk aylarda atdığı müdrik addımlar sayəsində qısa müddət ərzində vətəndaş müharibəsinin qarşısını aldı və ölkəni parçalanmaq təhlükəsindən qurtardı. Ümummilli Liderimizin müdrikliyi, dünyada gedən proseslərə dərindən bələd olması, baş verən hadisələrin səbəblərinin təhlili zamanı əvəzolunmaz məharət və bacarığı, hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək səriştəsi öz bəhrəsini verdi və dahi şəxsiyyətin Bakıya gəlişindən bir neçə ay sonra ölkədə siyasi sabitlik yaradıldı. Bu, hüquqi dövlət quruculuğu sahəsində atılması vacib olan ilk addımlardan idi. Çünki ölkənin gələcək hüquqi inkişafı məhz sabitliyə əsaslanırdı. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Azərbaycanın haqq səsi dünya birliyi tərəfindən dəstəkləndi. İdarəetmə sistemi yaradıldı. 1993-cü il 15 iyunun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olması da həmin dövrün səciyyəvi xüsusiyyətlərini, eyni zamanda, həmin tarixdən başlanan qurtuluşu özündə əks etdirir, - deyə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri vurğulayıb.
O qeyd edib ki, 1995-ci ildən başlayaraq ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən iqtisadiyyat, mədəniyyət sahələrində yeni inkişaf dövrü başlandı. Azərbaycanın dünya birliyinə fəal inteqrasiyası üçün mühüm işlər görüldü. Ölkədə siyasi və iqtisadi islahatlar aparıldı. Müstəqil dövlətimizin yeni Konstitusiyası qəbul olundu. Ölkədə dövlətçilik, azərbaycançılıq ideyası formalaşdı.
Yeni Azərbaycan Partiyasının ölkəmizin böhranlı illərində yarandığını diqqətə çatdıran H.Şikarov deyib: “Məhz bu ərəfələrdə ziyalılar, tanınmış siyasi-ictimai xadimlər, eləcə də sadə xalq nümayəndələri Ulu Öndərin ətrafında toplaşaraq dövlətçiliyin xilasını Heydər Əliyevin siyasi iradəsində görürdülər. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının yaranması sonrakı zamanlarda dövlətin qorunması, daxili və xarici düşmənlərdən azad edilməsi istiqamətində çox mühüm siyasi rol oynadı. Əbəs yerə deyil ki, Heydər Əliyev ziyalıların ona müraciətinə cavabında vurğulamışdı ki, “Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı problemlərinə biganə qalmağa heç kəsin haqqı yoxdur”. Heydər Əliyev xalqımızın Ümummilli Lideri kimi dövlətçiliyimizi qorudu, ölkəmizi düşdüyü bəlalardan xilas etdi”.
O bildirib ki, müstəqil Azərbaycanın ötən müddət ərzində keçdiyi inkişaf yolunun təhlili göstərir ki, artıq Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələnin təməli qoyulub, yüksək iqtisadi artım üçün əsaslı zəmin yaradılıb. Azərbaycan Respublikasının demokratik inkişaf yolu ilə inamla irəliləməsi üçün ölkəmizdə zəruri olan təsisatlar və hüquqi baza formalaşıb. Azərbaycanın Silahlı Qüvvələri qüdrətli bir orduya çevrilib. Sosial iqtisadi və dövlət quruculuğu sahələrində, insan hüquqları və azadlıqlarının təmin edilməsi yolunda qazanılmış uğurlarla yanaşı, digər mühüm nailiyyətlər də ölkəmizdə müstəqilliyin möhkəmləndirilməsinə xidmət edir.
“Bu gün Azərbaycan Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə yüksək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən əzəmətli layihələr xalqımızın rifah halının yaxşılaşmasını, ölkəmizin hərtərəfli inkişafını təmin edir. Bu yüksəliş isə ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir”, - deyə Hikmət Şikarov vurğulayıb.