SİYASƏT


Norveçin “Utrop” qəzetində Dağlıq Qarabağ münaqişəsi haqqında məqalə dərc edilib

Stokholm, 12 oktyabr, Rauf Əliyev, AZƏRTAC

Norveçin “Utrop” qəzetində Dağlıq Qarabağ münaqişəsi haqqında məqalə dərc edilib.

Norveçdəki “CAN” Azərbaycan diaspor təşkilatının sədri Şervin Nəcəfpurun və AZƏRTAC-ın xüsusi müxbiri Rauf Əliyevin həmmüəllifləri olduqları məqalədə Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin tarixindən, problemin həlli istiqamətində atılmış addımlardan, Azərbaycan xalqının ədalətin və beynəlxalq hüququn bərqərar olması uğrunda apardığı mübarizədən ətraflı bəhs edilib.

Məqalədə erməni millətçilərinin tarixən azərbaycanlılara qarşı etnik zəmində törətdikləri soyqırımı faktları barədə məlumat verilir, bu hadisələrin kökündə ərazi iddialarının dayandığı vurğulanır. Qeyd edilir ki, belə iddialar Dağlıq-Qarabağ münaqişəsinin əsl səbəbidir. Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan Xocalı faciəsi ilə bağlı ətraflı məlumatın verildiyi yazıda bildirilir ki, soyqırımı və müharibə ilə yanaşı, Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qalması nəticəsində Azərbaycan ərazisinin 20 faizi erməni hərbi birləşmələri tərəfindən işğal olunub. İşğal edilmiş ərazilərdən 1 milyondan çox azərbaycanlı öz doğma yurd-yuvasından qovularaq qaçqın və köçkün düşüb.

Münaqişənin 2020-ci ildə yenidən aktiv fazaya keçməsinin səbəblərindən bəhs olunan məqalədə Ermənistan hakimiyyətinin son vaxtlar məsuliyyətsiz və danışıqlar prosesinə ciddi xələl gətirən addımlar atdığı və ritorikadan istifadə etdiyi, bu il ilk toqquşmaların münaqişə zonasından uzaqda – Ermənistan-Azərbaycan dövlət sərhədində baş verdiyi bildirilir. Diqqətə çatdırılır ki, strateji əhəmiyyətə malik Tovuz rayonu ərazində baş verən bu toqquşmalar böyük dağıntıya və insan itkisinə səbəb olmaqla yanaşı, buradan keçən neft və qaz boru kəmərlərini də təhlükə altına atıb. Qeyd olunur ki, beynəlxalq ictimaiyyətin bu təxribatı həyata keçirən Ermənistan hakimiyyətinə qarşı tutarlı addım atmaması səbəbindən son 10 gün ərzində münaqişə daha da kəskinləşib və nəticədə çoxlu sayda mülki insan həlak olub.

Baş verən hadisələri işıqlandıran KİV-lərin bitərəf mövqe nümayiş etdirməsinin də təəssüf hissi ilə vurğulanan məqalədə belə halların jurnalistika dəyərlərinə zidd olduğu vurğulanıb, Dağlıq-Qarabağın BMT-nin və digər beynəlxalq qurumların sənədlərində göstərildiyi kimi, Azərbaycanın Ermənistan tərəfindən işğal edilən ərazisi olaraq tanındığı xüsusilə vurğulanıb.

Məqalədə, habelə münaqişənin yenidən aktiv fazaya keçməsinə məsuliyyət daşıyan Ermənistan tərəfinin atdığı addımlar pislənilib və Norveç hökuməti məsələyə düzgün qiymət verməyə çağırılıb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.