SİYASƏT


Peşəkar jurnalist, Azərbaycanın və AZƏRTAC-ın dostu Hi Pinq Çinin Sinxua agentliyinin prezidenti təyin edilib

Pekin, 20 oktyabr, AZƏRTAC

Peşəkar jurnalist, Azərbaycanın və AZƏRTAC-ın dostu Hi Pinq Çinin Sinxua milli xəbər agentliyinin prezidenti təyin edilib.

AZƏRTAC xəbər verir ki, son bir neçə ildə Sinxuada nazir statusunda baş redaktor kimi çalışan Hi Pinq bu vəzifədə uzun illər agentlikdə informasiya buraxılışına rəhbərlik edib.

Xüsusi qeyd etmək lazımdır ki, Hi Pinq Sinxua ilə AZƏRTAC arasında əməkdaşlığın inkişafında mühüm rol oynayıb. Onun başçılıq etdiyi nümayəndə heyəti 2018-ci ilin sentyabrında Azərbaycanda səfərdə olub. AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşdə agentliklərimiz arasında səmərəli əməkdaşlığın dövlət başçıları İlham Əliyevin və Si Cinpinin ölkələrimizin münasibətlərinin möhkəmləndirilməsi ilə bağlı hədəflərinə uyğun olduğu vurğulanmışdı.

Azərbaycan Prezidenti İlham Əliyev Hi Pinqin rəhbərlik etdiyi Sinxua nümayəndə heyətini qəbul etmiş, iki ölkənin milli xəbər agentliklərinin yüksək əməkdaşlıq əlaqələrindən məmnunluğunu bildirmişdi. Hi Pinq Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına verdiyi böyük önəmi xüsusi vurğulamış, bunun nəticəsində iki ölkənin əməkdaşlıq əlaqələrinin dərinləşdiyini bildirmişdi. Azərbaycanda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu deyən Hi Pinq Sinxua ilə AZƏRTAC arasında əməkdaşlıq haqqında imzalanan sənədlərin əhəmiyyətini qeyd edərək, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırmışdı.

Hi Pinq Bakıda olduğu müddətdə paytaxtımızın tarixi yerlərinə baş çəkmiş, Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyusu ilə tanış olmuşdu.

Qeyd edək ki, Hi Pinqin Bakıya səfərindən bir neçə ay əvvəl - 2018-ci ilin iyun ayında Pekində AZƏRTAC ilə Sinxua arasında informasiya mübadiləsinə dair Əməkdaşlıq Sazişini Sinxua tərəfdən məhz Hi Pinq imzalamışdı. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi II "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunun nəticələrinin icrası istiqamətində Çinin Sinxua agentliyinin təşəbbüsü ilə yaradılan "Bir kəmər, bir yol" İqtisadi İnformasiya Tərəfdaşlığı platformasına AZƏRTAC-ın təsisçi-üzv statusunda qoşulmasına da Hi Pinq dəstək verib.

AZƏRTAC ilə Sinxuanın 2003-cü ildən başlayan əməkdaşlığı dövründə birgə fotosərgilər, təqdimatlar, informasiya və təcrübə mübadiləsi həyata keçirilib. Eyni zamanda, hər iki agentlik Dünya Xəbər Agentlikləri Konqresində, AZƏRTAC-ın hazırda vitse-prezident olduğu Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatında (OANA) sıx əməkdaşlıq edirlər. Sinxua AZƏRTAC-ın ölkəmizin inkişafı, Azərbaycanda baş verən yeniliklərlə bağlı ayda 10-15 xəbərini öz saytında yerləşdirir. Həmçinin Sinxua Azərbaycanla bağlı məlumatları ölkənin əsas xəbər mənbəyi olan AZƏRTAC-dan alır. AZƏRTAC-ın Çin dilində informasiyaları isə həm Sinxuada, həm də ölkənin digər nüfuzlu KİV-lərində yayımlanır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.