DÜNYA
ABŞ-ın gündəlik neft istehsalı 11,6 milyon barrelə yüksəlib
Bakı, 29 oktyabr, AZƏRTAC
Birləşmiş Ştatların sutkalıq xam neft hasilatı kəskin artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft hasilatı 1,2 milyon barrel artaraq gündəlik orta hesabla 11,6 milyon barrel olub.
Bu il fevralın 22-28-ni əhatə edən həftədə isə ABŞ-ın neft hasilatı gündəlik orta hesabla 13,1 milyon barrelə çataraq rekord səviyyəyə yüksəlmişdi.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 545 min barrel artaraq sutkada 5,7 milyon barrel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 424 min barrel çoxalaraq gündəlik 3,5 milyon barrel təşkil edib.
EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik 11,2 milyon barrel, gələn il isə 11,1 milyon barrel olacağı gözlənilir.
Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.