MƏDƏNİYYƏT


Kitabxanada “Nizami-eşq bağının bağbanı” adlı tədbir təşkil edilib

Bakı, 27 yanvar, AZƏRTAC

“Nizami Gəncəvi İli”nin elan edilməsi haqqında ölkə başçısının müvafiq Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsi məqsədilə Respublika Gənclər Kitabxanası Zoom proqramı üzərindən “Nizami-eşq bağının bağbanı” adlı tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, Nizamişünas Xədicə Murad, sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMEA İncəsənət İnstitutunun böyük elmi işçisi, bədii qiraətçi Zülfiyyə Eldarqızı, kitabxananın daimi oxucuları və əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva tədbir iştirakçılarını salamlayaraq, Prezident İlham Əliyevin qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan etməsinin zəruriliyindən bəhs edib. Sonradan Xalidə Musayeva “Nizami Gəncəvi İli” ilə əlaqədar Respublika Gənclər Kitabxanasının il ərzində planlaşdırdığı tədbirlərdən söhbət açıb.

Tədbirdə Xədicə Murad, ilk növbədə, Nizami Gəncəvi yaradıcılığından, dahi ustadın əsərlərinin tərcümələrindən danışıb. Xədicə xanım Nizami Gəncəvi yaradıcılığının ana xəttinin ilahi eşq, əxlaqi normalar, Vətənə sevgi, elmə həvəs, böyüyə ehtiram, qadına hörmət və s. kimi tərbiyəvi aspektlərdən ibarət olmasını vurğulayıb. Məhz belə tərbiyəvi-əxlaqi əsərlər üzərində yetişən Azərbaycan gəncliyinin bu gün döyüş bölgəsində vətənpərvərlik nümayiş etdirərək, canları, qanları bahasına əzəli torpaqlarını geri qaytaran “Polad”lar, “İlqar”lar, “Xudayar”lar olmasından danışıb.

AMEA İncəsənət İnstitutunun böyük elmi işçisi, bədii qiraətçi Zülfiyyə Eldarqızı Nizami yaradıcılığının günü bu günə kimi ölkəmizin hüdudlarından kənarda belə çox aktual olmasından, yüksək qiymətləndirilməsindən söhbət açıb. Tezliklə premyerası gözlənilən, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinin motivləri əsasında çəkilən İndoneziya-Azərbaycan kinematoqraflarının birgə layihəsi olan filmdə Leylinin anası obrazını canlandırmasından tədbir iştirakçılarına bəhs edib. Həmçinin o, Nizami Gəncəvinin qəzəllərini də səsləndirib.

Sonda aparıcı Günay Həsənova bu səpkili tədbirlərin gələcəkdə davam etməsinin əhəmiyyətini vurğulayaraq, tədbir iştirakçılarına təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.