REGİONLAR
Qubada restorandan oğurluq edən gənclər saxlanılıb VİDEO
Quba, 27 yanvar, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən və fəaliyyəti müvəqqəti dayandırılan restoranların birindən müxtəlif vaxtlarda elektrik generatoru, mühərrikli ot biçən, su nasosu və digər əşyaların oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şabran rayon sakinləri Sərdar Məmmədov, Tehran Cavadov və Ağamusa İsakov saxlanılıblar.
Saxlanılan şəxslər törətdikləri oğurluq əməllərini etiraf edərək, əldə etdikləri qənimətlərin bir qismini dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Əşyaların qalanı isə polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.
Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.