REGİONLAR
Arxeoloqların yolunu gözləyən “Qazan köşkü” - tarixin sirlərlə dolu tikililəri VİDEO
Cəlilabad, 15 aprel, İsmayıl Cəfərli, AZƏRTAC
Yerləşdiyi önəmli coğrafi mövqeyə görə Azərbaycan və onun ecazkar guşələri tarixən fatehlərin maraq dairəsində olub. Amma düşmənə boyun əyməmək və onlarla sonadək mübarizə aparmaq üçün sıldırım qayalara qalxan məğrur insanlarımız burada yenilməz qalalar ucaldıblar. Yüksək müdafiə tikililəri olan bu qalalardan biri də Cəlilabad ərazisində yerləşən “Qazan köşkü”dür.
AZƏRTAC xəbər verir ki, Cəlilabad özünün tarixin müxtəlif dövrlərinə aid arxeoloji abidələri ilə zəngin rayondur. Burovar silsiləsinin ən ucqar nöqtələrindən birində -dəniz səviyyəsindən təqribən min metr yüksəklikdə inşa olunan “Qazan köşkü” dairəvi, ellips formasında olmaqla, bir hektardan artıq sahəni əhatə edir. Qazan köşkünün hansı tarixi dövrə aid olması bu gün də mübahisəli olaraq qalır. Yerli tədqiqatçıların və bəzi alimlərin qala və qalaətrafı tarixi yerlərdə apardıqları müşahidələr, yoxlama qazıntıları nəticəsində əldə olunan maddi mədəniyyət nümunələri Qazan köşkünün XIV-XV əsrlərə yox, ondan 600-800 il əvvələ gedib çıxdığını təxmin edir.
Tarixçi-tədqiqatçı Ələsgər Mirzəyev bu barədə danışarkən deyib: “Alimlərimiz, arxeoloqlarımız da burada iştirak ediblər, onlar da bu tarixi məkanla bağlı müəyyən fikirlər səsləndiriblər. Əmir Teymurun, Qazan xanın bu ərazilərdə olması haqqında məlumatlar var. Ola bilsin, bura mərhələli şəkildə müşahidə məntəqəsi kimi istifadə olunub. Astronomik bir müşahidə yeri kimi də ehtimal oluna bilər. Ola bilər, hündür yer olduğu üçün düşməndən qorunmaq üçün bir qala qurublar. Bu qalada müdafiə olunaraq bir müddət daldalanıblar. Bunları tam müəyyən etmək üçün isə ərazidə arxeoloji qazıntılara ehtiyac var”.
Tarixçi Elşad Əmənov isə bildirib ki, qaladan topladığı saxsı qab nümunələri ölçülərinə, rənginə, quruluşuna görə bir-birindən fərqlənir. Saxsıdan hazırlanan məişət qablarından başqa Qazan köşkündən dörd ədəd gil qoç fiqurları, üzərində quş rəsmli saxsı cam (piyalə), bəzək əşyaları da tapılıb. “Bu yer özü üç yarusludur. Biz onun hazırda günbəz hissəsindəyik. Yəni bu yerdə günbəzin üstündə dayanmışıq. Həmçinin burada qalınlığı təqribən bir metr, hündürlüyü isə 6-7 metr olan kərpic tikili də olub. Bu yer baxmayaraq ki, ən hündür nöqtədir. Buranı külək tutmur. Yəni burada düşünülmüş şəkildə elə fiziki qanunlar tətbiq olunub ki, sağ və sol tərəflərindən dağların oyulması gələn külək axınını, soyuq hava axınını özünə çəkərək cənub və cənub qərb hissəsinə ötürür”, - deyə o əlavə edib.
Azərbaycan arxeologiyasında bu abidə Hülakü hökmdarı Qazan xanın quruculuq fəaliyyəti ilə əlaqələndirilir. Lakin qalanın tikintisində istifadə olunan kərpiclərin bir qisminin erkən orta əsrlərə aid olması ehtimalı daha güclüdür. Arxeoloq Arif Məmmədov bu qalanı Sasanilərdən qalma bir qala hesab edir. Onun fikrinə görə, qalanı özünə məskən seçən Qazan xan bu qalanı sonradan əsaslı təmir etdirib.
Tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov deyib: “Bu əraziyə nəzər yetirsək, qaldığımız yerdən 10-15 km radiusda olan məsafəni, coğrafi ərazini müşahidə edə bilirik. Ola bilər ki, Xürrəmilər dövründə hərəkatın ən ucqar və dayaq məntəqələrindən biri də bu coğrafi ərazi olub. Çünki bu coğrafi ərazini müşahidə etmək imkanını indi gözlə görməyimiz bunu deməyə imkan verir. Bu da VII-VIII əsrlərə gedib çıxır. Yəni erkən orta əsrlərə aid ən hündür zirvələrin birində yerləşən istehkam, müdafiə tikilisi ola bilər”.
Bu gün təəssüf hissi ilə deyə bilərik ki, “Qazan köşkü” məhv olmaq təhlükəsi ilə üz-üzədir. Əgər tarixçi və arxeoloqlarımız Muğan tarixi üzrə həqiqətləri üzə çıxartmaq istəyirlərsə, bu abidələrin məhvinə imkan verməməlidirlər. Kim bilir, bəlkə də bu təpələr altında hansı əsrin öz sirli, soraqlı dünyası uyuyur.