REGİONLAR
Faşizmə qarşı müharibədə İmişlidən aralarında 23 qadının da olduğu 4546 qəhrəman mərdliklə döyüşüb
İmişli, 9 may, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə 9 May - Qələbə günü münasibətilə faşizm üzərində qazanılan zəfərin 76-cı ildönümü qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin, idarə və müəssisələrin əməkdaşları, İkinci Dünya müharibəsinin İmişlidən olan veteranları, Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələri, qazilər və ictimaiyyət nümayəndələri rayondakı Şəhidlər xiyabanını ziyarət ediblər. Karantin qaydalarına uyğun olaraq keçirilən görüşdə şəhidlərin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Faşizm üzərində Qələbə qazanan veteranlarla görüş keçirilib. Veteranlar onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.
Daha sonra faşizm üzərində qazanılan Qələbə münasibətilə ucaldılan abidə ziyarət olunub.
Çıxış edənlər bildiriblər ki, Azərbaycan xalqına hər zaman qələbə yaraşır. İstər İkinci Dünya müharibəsində, istər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində Azərbaycanın igid oğulları öz qəhrəmanlıqları ilə seçilib.
Qeyd olunub ki, İkinci Dünya müharibəsində azərbaycanlılar müxtəlif qoşun növlərində xidmət etməklə öz vəzifə borclarını şərəflə yerinə yetirib, düşmənə layiqli cavab veriblər. Müharibə zamanı İmişli rayonundan 4546 nəfər cəbhəyə yollanıb. Onlardan 2657 nəfəri geri qayıdıb. Rayondan, həmçinin 23 nəfər qadın da könüllü olaraq müharibəyə yollanıb və düşmənə qarşı mərdliklə döyüşüblər.
Vurğulanıb ki, hər bir müharibə veteranının döyüş təcrübəsi, onların keşməkeşli həyat yolu gənclərimizə örnəkdir. Bunun bariz nümunəsidir ki, ötən il Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşündə torpaqlarımız erməni işğalından azad edildi. Vətən müharibəsinin qalibləri öz ata-babalarının layiqli davamçısı olduqlarını bir daha sübut etdilər. Azərbaycan xalqı budəfəki Qələbədə də xalq-ordu birliyini nümayiş etdirərək, erməni faşizmi üzərində qalibiyyətə nail oldu.
Sonda məktəblilərin Vətənə və qəhrəmanlara həsr edilən ədəbi-bədii kompozisiyası nümayiş olunub.