DÜNYA
Malayziya hökuməti yeni məhdudiyyətlər tətbiq edib
Tokio, 12 may, AZƏRTAC
Mayın 12-dən başlayaraq Malayziya hökuməti koronavirusun yeni ştammlarının yayılması ilə əlaqədar bütün ölkə ərazisində daha ciddi məhdudiyyətlər tətbiq edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Malayziyanın Baş naziri Muhitdin Yassin ölkə daxilində hərəkətə məhdudiyyətlərin və digər qadağaların iyunun 7-dək davam edəcəyini bildirib.
Malayziyanın müdafiə naziri İsmail Sabri Yakob isə bildirib ki, ölkədə virusa yoluxanların artımı ciddi nəzarətə götürülüb, lakin yeni ştammların qarşısını almaq üçün müəyyən vaxt lazımdır. Bununla yanaşı, nazir qeyd edib ki, yeni tətbiq edilən məhdudiyyətlər ölkədə yanvar-mart ayında elan edilənlərdən fərqli olacaq.
Onun sözlərinə görə, ölkənin əksər vilayətlərində iqtisadi fəaliyyət davam etdiriləcək. Lakin bu zaman işə götürənlər əməkdaşların maksimum 30 faizinin işdə olmasına cavabdehlik daşıyacaqlar. Nazir qeyd edib ki, bununla yanaşı, məhdudiyyətlər qüvvədə olduğu dövrdə polisin xüsusi icazəsi olmadan şəhərlər, rayonlar və ştatlar arasında səfərlər də qadağan olunacaq. Həmçinin uşaq bağçaları istisna olmaqla, təhsil müəssisələrinin fəaliyyəti də dayandırılacaq.
Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə Malayziyada koronavirusa yoluxanların ümumi sayı 448 min nəfərə çatıb, onlardan 1700 nəfər həyatını itirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio