ELM VƏ TƏHSİL
190 NÖMRƏLİ ORTA MƏKTƏBDƏ BAKI SLAVYAN UNİVERSİTETİNİN KAFEDRASI AÇILMIŞDIR
Bakı Slavyan Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 4-də BSU Elmi Şurasının və Bakının Səbail rayonundakı 190 nömrəli orta məktəbin Pedaqoji Şurasının məktəbdə Orta və ali təhsilin əlaqələndirilməsi kafedrasının açılmasına həsr olunmuş birgə iclası keçirilmişdir.
Respublikada ilk dəfə olaraq, orta məktəbdə kafedranın açılması təklifini BSU-nun rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev irəli sürmüşdü.
K.Abdullayev bildirmişdir ki, BSU məktəblərlə sıx əlaqə saxlayır, tələbələr hər il şəhər və rayon məktəblərində, qaçqın uşaqlarının təhsil aldıqları məktəblərdə təcrübə keçirlər. Ancaq bu əlaqələri yeni səviyyəyə qaldırmaq lazımdır. Odur ki, yeni layihənin həyata keçirilməsinin – 190 nömrəli məktəbdə BSU-nun kafedrasının açılmasının böyük əhəmiyyəti vardır. O, yeni kafedra barədə məlumat vermişdir.
190 nömrəli məktəbin direktoru Afət Bakıxanova bildirmişdir ki, kafedranın açılması rəhbərlik etdiyi təhsil ocağının kollektivini sevindirir. 190 nömrəli məktəb paytaxtın ən yaxşı təhsil müəssisələrindən biridir. BSU-nun müəllimləri ilə əlaqələr şagirdlərin təhsilə marağının artmasına səbəb olacaqdır.
Təhsil Nazirliyinin şöbə müdiri A.Muradov, Təhsil Problemləri İnstitutunun direktoru A.Mehrabov iclasda çıxış edərək ali və orta məktəblərin qarşılıqlı fəaliyyətinin əhəmiyyətindən danışmışlar.
Sonra BSU-nun rektoru K.Abdullayev və 190 nömrəli məktəbin direktoru A.Bakıxanova Orta və ali təhsilin əlaqələndirilməsi kafedrasının yaradılması haqqında sənəd imzaladılar.