SİYASƏT


İltizam Yusifov: Türkiyə-Azərbaycan qardaşlığı dünyaya yeni düzən gətirir

Bakı, 28 oktyabr, AZƏRTAC

Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri bir daha sübut etdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı İltizam Yusifov deyib. O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri regional və dünya miqyasında önəmli amilə çevrilib. Bölgədə formalaşan yeni düzənin aparıcı qüvvəsi Türkiyə və Azərbaycandır. Bu birliyin təməlləri sağlam və sarsılmazdır. Hər iki lider öz əməli fəaliyyəti ilə milli maraqları hər şeydən üstün tutduqlarını və qətiyyətlə qoruduqlarını nümayiş etdirirlər. Bu gün öz liderlərinin sayəsində Türkiyə və Azərbaycan böyük uğurlar əldə etmiş, bütün dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınır və qəbul edilirlər.

Həyata keçirilən müstəqil və qətiyyətli siyasət nəticəsində Türkiyənin qlobal güc amilinə çevrildiyini vurğulayan deputat deyib: “Türkiyə Prezidentinin BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə xitabən səsləndirdiyi “dünya beşdən böyükdür” fikri artıq günümüzün reallığına çevrilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni çapdan çıxan “Daha ədalətli bir dünya mümkündür" kitabında bunun açıqlamasını geniş şəkildə təqdim edib. O, dünya məsələlərinin yalnız BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü tərəfindən müzakirəsinin və qərarların bu əsasda qəbul edilməsinin əleyhinə olduğunu açıq aydın bəyan edib. Kitabda ədalətsizlik, qaçqın böhranı, beynəlxalq terrorizm və islam əleyhdarlığına toxunulur, BMT-nin hökumət, funksionallıq, fəaliyyət, əhatəedicilik, təmsil və idarə problemlərinə diqqət çəkilib, bu qurumda geniş islahata ehtiyac duyulduğu vurğulanıb. Kitabda ən diqqət çəkən məqam güclünün haqlı olduğu deyil, haqlının güclü olduğu bir sistem yaradana qədər “Dünya beşdən böyükdür” deməyə davam edəcəyik fikirləridir. Həqiqətən BMT-nin 5 daimi üzvü – ABŞ, Rusiya, Böyük Britaniya, Çin və Fransa bir çox hallarda problemlərin həllini sürətləndirməkdə acizdirlər, bir sıra hallarda isə bir-birlərinə mane olurlar. Misal üçün Təhlükəsizlik Şurasında bu günə qədər irəli sürülən 2446 qətnamə layihəsinə 249 dəfə veto qoyulub. Rusiya 112 veto ilə liderdir, daha sonra bu ölkələr gəlir: ABŞ – 81 veto, Böyük Britaniya – 29 veto, Fransa – 16 veto, Çin – 11 veto. Bəzi məsələlər isə birinin veto hüququndan istifadə ediləcəyi proqnozlaşdırıldığına görə, ümumiyyətlə, müzakirəyə çıxarılmır. Rəcəb Tayyib Ərdoğan veto sisteminin ortadan qaldırılmasını, o cümlədən BMT Baş Assambleyasının 130 üzvünün səsverməsinin həlledici olmasını zəruri sayır. O hesab edir ki, BMT Təhlükəsizlik Şurasının sayı 5-dən 20-yə qədər artırılmalı və Təhlükəsizlik Şurasının Baş Assambleya qarşısında hesabatlılığı olmalıdır”.

İltizam Yusifov Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulmasının tarixi əhəmiyyətindən də danışıb. Bildirib ki, Bakıdan İstanbula avtomobil və dəmir yolu dəhlizinin yaradılması nəinki Azərbaycan və Türkiyənin, eyni zamanda, regionun iqtisadi əhəmiyyətini artıracaq. Bu dəhliz dünyaya açılan qapı olacaq. Dəhlizin açılması Azərbaycan və Türkiyədən çox Ermənistan üçün vacibdir. Ancaq bir sıra maraqlı qüvvələr Zəngəzur dəhlizinin açılmasına maneə törətmək istəyirlər. Sərt mövqe nümayiş etdirirlər. Rəcəb Tayyib Ərdoğan isə bu münasibətlərin yersiz olduğunu, Zəngəzur dəhlizin qısa zamanda işə düşəcəyini bəyan edib. Bu dəhliz təbii ki, Azərbaycanla türkiyə arasında körpü rolunu oynamaqla yanaşı Naxçıvan Muxtar Respublikasının Avropaya açılan qapısı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.