Sabirabadda fləşmob keçirilib VİDEO
Sabirabad, 8 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabadda Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər davam edir. Bu tədbirlər çərçivəsində 700-dən çox şagirdin iştirakı ilə Zəfər Gününə həsr olunan maraqlı fləşmob keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad rayon Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbdə Zəfər Günü münasibətilə tədbir təşkil olunub. Tədbirdə məktəbin kollektivi, Vətən müharibəsinin qaziləri və veteranlar, şəhid ailələri iştirak ediblər.
Çıxış edənlər Azərbaycan tarixinə yazılan 44 günlük Zəfər yürüşündən söhbət açıblar. Bildirilib ki, şanlı qələbə tariximizin Zəfər salnaməsi olaraq xatırlanacaq. Bu qələbəni Azərbaycan xalqına bəxş edən şəhidlərimiz isə hər zaman qəhrəmanlıq dastanı yazan unudulmaz ərənlər olaraq yadda qalacaq.
Sonra şagirdlərin iştirakı ilə fləşmob keçirilib. 700-dən çox məktəbli uzunluğu 100, eni isə 30 metrə çatan Azərbaycan xəritəsini nümayiş etdirib. Eyni zamanda, 16 metr uzunluqda Azərbaycan bayrağı dalğalandırılıb.