Şəhid Elsəfa Əliyevin xatirəsi anılıb VİDEO
Füzuli, 11 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan Elsəfa Əliyevin ad günü Füzuli rayonunun Mahmudlu kəndində onun məzarı yanında qeyd edilib. Şəhidin qəhrəmanlıq dolu xatirəsi yada salınıb, ruhuna dualar oxunub.
Anım günündə şəhidin ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, döyüş yoldaşları, məktəblilər və kənd sakinləri iştirak ediblər.
Şəhidin həyat yolundan danışanlar bildiriblər ki, Elsəfa Əliyev Səməd oğlu 10 noyabr 1978-ci ildə Füzuli rayonunun Mahmudlu kəndində dünyaya gəlib. Ən böyük arzusu gələcəyin hərbçisi kimi Vətənin keşiyində dayanmaq olub. Bu istəklə Elsəfa həqiqi hərbi xidmətini bitirdikdən sonra müddət artıq hərbçi olaraq fəaliyyətini davam etdirib. Hərbin sirlərinə peşəkarcasına yiyələnərək tankçı kimi Vətənin keşiyini çəkib. Xidməti dövründə "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilib. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edən Elsəfa Cəbrayıl və Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanlığı ilə seçilib. Cəbrayıl rayonunun Rüzgar kəndi istiqamətində gərgin döyüşlər zamanı şəhid olub.
Elsəfa Əliyev döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", medalları ilə təltif edilib.