CƏMİYYƏT
Şəkərli diabet xəstəliyinin yaratdığı problemlər və gələcək hədəflər müzakirə edilib
Bakı, 13 noyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə Ümumdünya Diabet Gününə həsr edilmiş “Şəkərli diabet xəstəliyinə müasir yanaşma: problemlər və gələcək hədəflər” mövzusunda onlayn vebinar keçirilib.
Mərkəzi Gömrük Hospitalından AZƏRTAC-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev çıxışında deyib ki, hazırda dünyada qeydiyyatdan keçmiş 422 milyon şəkərli diabet xəstəsi var və həmin göstərici hər on ildə iki dəfə artır. İldən-ilə daha da çox yayılan, gəncləşən və ağır fəsadlaşmalara aparıb çıxaran həmin xəstəlik təkcə tibbi problem deyil, həmçinin sosial, iqtisadi, psixoloji və hüquqi problemlərin də meydana çıxmasına səbəb olur. Xüsusən pandemiya şəraitində risk qrupuna daxil olan diabet xəstələrinin uğurlu müayinə və müalicə prosesinin təşkil edilməsi mühüm əhəmiyyət kəsb edir.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, ürək-damar cərrahı Rəşad Mahmudov şəkərli diabetlə mübarizədə ölkə səviyyəsində həyata keçirilən islahatlar barədə məlumat verib. O, beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsinin vacibliyini və qanunverici bazanın prosesdəki rolunu xüsusi vurğulayıb.
Vebinarda Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının müdiri, Azərbaycan Endokrinologiya Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının sədri, tibb üzrə fəlsəfə doktoru Valeh Mirzəzadənin videomüraciəti də dinlənilib.
Rəsmi açılış hissəsindən sonra Azərbaycan Diabet Liqasının sədri, Beynəlxalq Diabet Federasiyasının üzvü, Respublika Endokrinoloji Mərkəzinin aparıcı həkim-endokrinoloqu Yeganə Sultanovanın moderatorluğu ilə vebinarın elmi hissəsi işə başlayıb.
Elmi hissədə Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mütəxəssisləri - damar cərrahı Səbuhi Dadaşov “Kardiovaskulyar xəstəlikləri və diabet”, şöbə rəisi, həkim-nefroloq Mirmənsim Məmmədov “Diabetik nefropatiya”, həkim-oftalmoloq Aynurə Əliyeva “Diabetik retinopatiya” və həkim- endokrinoloq Naidə Novruzova “Koronaviruslu xəstələrdə diabetin idarəedilməsi” mövzularında məruzələrlə çıxış ediblər.
Sual-cavab sessiyaları və müzakirələr vasitəsilə interaktiv şəkildə həyata keçirilmiş vebinarda 200-dək həkim iştirak edib, dinlənilən məruzə və təqdimatlar maraqla qarşılanıb.