CƏMİYYƏT
Azərbaycanlı alim Moskva Dövlət Linqvistika Universitetinin fəxri doktoru adına layiq görülüb
Minsk, 26 dekabr, AZƏRTAC
Minsk Dövlət Linqvistika Universitetində MDB-nin 30 illiyinə həsr olunmuş “XXI əsrdə MDB və ŞƏT ölkələrinin dil və mədəniyyətlərinin dialoqu” “Beynəlmiləlləşmənin linqvomədəni aspektləri” 15-ci Beynəlxalq Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, MDB Dövlətlərinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun dəstəyi, Moskva və Minsk Dövlət Linqvistika universitetlərinin təşkilatçılığı ilə keçirilən tədbirdə azərbaycanlı alim Musayeva Bella Sirac qızı Moskva Dövlət Linqvistika Universitetinin fəxri doktoru adına layiq görülüb.
Qeyd edək ki, B.Musayeva 1943-cü il aprelin 1-də Bakıda hüquqşünas ailəsində doğulub. 1965-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) fərqlənmə diplomu ilə bitirib, bu ali məktəbdə laborant, daha sonra baş laborant vəzifəsində işləyib. 1968-1971-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) aspiranturasında təhsil alıb. 1972-ci ildə MDU-da “Müasir Azərbaycan dramaturgiyasında yeni insan surəti” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
Moskvada təhsilini başa vurub Bakıya qayıdan B.Musayeva doğma institutun ədəbiyyat nəzəriyyəsi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.
Elmi yaradıcılığını böyük həvəslə inkişaf etdirən B.Musayeva 1992-ci ildə MDU-nun filologiya fakültəsinin elmi şurasında “Müasir Azərbaycan dramaturgiyasının əsas inkişaf tendensiyaları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk