DÜNYA


Malayziyanın sabiq Baş naziri Məhəmməd Mahathir növbəti dəfə xəstəxanaya yerləşdirilib

Tokio, 23 yanvar, AZƏRTAC

Malayziyanın sabiq Baş naziri Məhəmməd Mahathir növbəti dəfə xəstəxanaya yerləşdirilib və intensiv terapiya şöbəsində müalicə olunur.

AZƏRTAC Malayziya KİV-inə istinadla xəbər verir ki, bu barədə məlumat verən qızı onun səhhətinin sabit olduğunu bildirib. Marina Mahathir qeyd edib ki, 96 yaşlı sabiq Baş nazir ötən həftə Kuala Lumpurdakı Milli Ürək İnstitutunda əməliyyat olunduqdan sonra evə buraxılıb. Hazırda onun vəziyyəti sabitdir və müalicə uğurla davam edir.

Malayziyanın Baş naziri İsamil Sabri Yakobun da M.Mahathiri ziyarət edənlər arasında olduğu qeyd edilir. Baş nazir xəstəxanada M.Mahathirin həyat yoldaşı və oğlu ilə fotosunu öz tviter səhifəsində paylaşıb.

Qeyd edək ki, ötən ilin dekabrından bəri Məhəmməd Mahathir artıq üçüncü dəfədir xəstəxanaya yerləşdirilir. Müvafiq yoxlamalardan keçdikdən sonra o, dekabrın 23-də evə buraxılıb. İkinci dəfə yanvarın 7-də xəstəxanaya aparılan M.Mahathir yanvarın 13-də evə dönüb.

Sonuncu dəfə onun dekabrın 12-də, xatirələr kitabının nəşrindən sonra ictimaiyyət arasına çıxdığı bildirilir.

Xatırladaq ki, ilk dəfə hökumətə başçılıq edən M.Mahathir 22 ildən sonra, 2003-cü ildə istefa verib. Lakin 2018-ci ilin mayında keçirilən ümumi seçkilərdə onun rəhbərlik etdiyi müxalifət qalib gəldikdən sonra M.Mahathir yenidən Baş nazir olub. Lakin onun bu dəfə hökumətə rəhbərlik etməsi siyasi koalisiyada yaranan fikir ayrılıqlarına görə heç iki il də çəkməyib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.