REGİONLAR
Yardımlıda pərakəndə ticarət dövriyyəsinin həcmi artıb
Yardımlı, 26 yanvar, Bağır Əliyev, AZƏRTAC
Ötən il Yardımlı rayonunun pərakəndə ticarət şəbəkəsində istehlakçılara 71 milyon 715 min manatlıq, o cümlədən 44 milyon 155 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 27 milyon 560 min manatlıq qeyri-ərzaq malları satılıb. Rayonda pərakəndə ticarət dövriyyəsi 107,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 108,1 faiz, qeyri-ərzaq malları üzrə isə 106,6 faiz təşkil edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, istehlak məhsullarının dəyər ifadəsində 13,6 faizi ticarət müəssisələri, 86,4 faizi isə fərdi sahibkarlar tərəfindən realizə olunub. Əvvəlki illə müqayisədə pərakəndə ticarət dövriyyəsinin həcmi faktiki qiymətlərlə hüquqi şəxslər üzrə 5,4 dəfə artıb, fərdi sahibkarlar üzrə isə 95,5 faiz olub.
Diqqətə çatdırılıb ki, ölkə üzrə əmtəə dövriyyəsinin ümumi həcmində Yardımlı rayonunun xüsusi çəkisi 0,2 faiz təşkil edir. Satılmış malların 61,6 faizi ərzaq, 38,4 faizi isə qeyri-ərzaq mallarıdır.
Ötən il Yardımlı rayonunda qeyri-dövlət mülkiyyətinə aid hüquqi şəxs statuslu statistik subyektlər üzrə 2 milyon 368,4 min manatlıq topdansatış əmtəə dövriyyəsi qeydə alınıb. Bu, 2020-ci illə müqayisədə 1 milyon 237 min manat, yaxud 2,1 dəfə çoxdur.