Bərdədə 4800 şəhidin paltarlarının basdırıldığı yer əbədiləşdirilib VİDEO
Bərdə, 28 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdədə Birinci Qarabağ müharibəsi zamanı şəhid olan 4800 nəfər Vətən övladının paltarlarının basdırıldığı yer əbədiləşdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailələrinin dəstəyi ilə ərazidə təmizlik işləri aparılıb, ağaclar əkilib. Şəhidlərin yaxınları şəhid paltarlarının basdırıldığı məkanı ziyarət edir, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının ruhuna dualar oxuyurlar. Burada, həmçinin abidə inşa edilməsi də nəzərdə tutulur.
Bərdə şəhər “Cümə” məscidinin axundu Hacı Ramazan Hüseynov bildirib ki, 1991-1994-cü illərdə cəbhədən gətirilən şəhidlər Bərdə məscidində burada yuyulur, kəfənlənərək ünvanlarına göndərilir və ya sahiblərinə təhvil verilirdi. Şəhidlərin əyinlərindən çıxarılan hərbi paltarlar isə həmin bu yerdə torpağa basdırılıb. 44 günlük İkinci Qarabağ müharibəsində qələbənin qazanılması, torpaqlarımızın işğaldan azad edilməsi ilə bütün şəhidlərimizin ruhları da rahatlıq tapıb.
Bərdə şəhər sakini Nərgiz Cəfərova iki qardaşının Birinci Qarabağ müharibəsi zamanı Vətənimizin müdafiəsində iştirak edərək şəhid olduğunu bildirib: “Mən şəhidlərimizin paltarlarının burada basdırıldığını bilmirdim. Paltarlar basdırılıb yox, dəfn olunub deyərdim. Yaxşı ki, şəhid paltarlarının dəfn edildiyi bu ərazi belə əbədiləşdirildi”.
Şəhid atası Fikrət Zeynalov deyir ki, şəhid paltarlarının basdırıldığı ərazinin təmizlənərək əbədiləşdirilməsi həm də şəhidlərə olan hörmət və ehtiramı ifadə edir: “Biz şəhidlərimizin paltarlarının basdırıldığı bu ərazini ona görə əbədiləşdirdik ki, gələcək nəsillərə örnək olsun. Bizim şəhidlərimizə belə hörmət qoyduğumuzu cəmiyyət görsün. Allah bütün şəhidlərə rəhmət eləsin”.