İQTİSADİYYAT
1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 97 milyard dollar sərmayə qoyulmuşdur
Bakı, 7 iyun (AZƏRTAC). Deyə bilərəm ki, neft sektoruna qoyulan investisiyalar digər sektorlara da investisiyaların cəlb edilməsinə çox müsbət xidmət göstərmişdir. Bütövlükdə 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 97 milyard dollar sərmayə qoyulmuşdur ki, onların 42 milyardı neft-qaz sektoruna qoyulan sərmayədir və onların mütləq əksəriyyəti xarici sərmayədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı, neft kimyası sərgi və konfransının açılış mərasimində bildirmişdir.
Dövlətimizin başçısı demişdir ki, baxmayaraq Azərbaycan 1994-cü ildə çox riskli bir dövlət kimi tanınırdı, böyük xarici neft şirkətlərinin ölkəmizə dəvət edilməsi, onlar üçün şərait yaradılması, onların investisiyalarının qorunması üçün lazımi tədbirlərin görülməsi, o cümlədən qanunvericilik sahəsində lazımi addımların atılması sayəsində bu gün Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edib və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu artırır.