İQTİSADİYYAT
2005-Cİ İL DÖVLƏT BÜDCƏSİNİN İCRASI HAQQINDA QANUN LAYİHƏSİ DEPUTATLARA PAYLANMIŞDIR
Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə bildirmişdir ki, 2005-ci ilin dövlət büdcəsinin mədaxil proqnozu 10222 milyard manata (AZM) qarşı 10276,1 milyard manat (AZM) və ya 100,5 faiz icra olunmuşdur ki, bu da 2004-cü illə müqayisədə 2728,7 milyard manat çoxdur. Dövlət büdcəsinin gəlirləri 2005-ci ildə istehsal olunmuş ümumi daxili məhsulun 17,3 faizini təşkil etmişdir. Büdcə daxilolmalarının 69,3 faizi və ya 7121,7 milyard manatı Vergilər Nazirliyi, 18,3 faizi və ya 1880,9 milyard manatı Dövlət Gömrük Komitəsi, 0,2 faizi və ya 15,3 milyard manatı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən, 750 milyard manatı Dövlət Neft Fondundan, 340,4 milyard manatı dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmalarından, 167,8 milyard manatı isə digər mənbələrin hesabına təmin edilmişdir. Ötən il dövlət büdcəsinin xərcləri 11016 milyard manat proqnoza qarşı 10703,4 milyard manat və ya 97,2 faiz icra edilsə də, bu göstərici 2004-cü illə müqayisədə, 3192,7 milyard manat və ya 42,5 faiz çoxdur. Dövlət büdcəsinin xərcləri 2005-ci ildə istehsal olunmuş ÜDM-in 18 faizini təşkil etmişdir. İcra zamanı vəsaitin 52 faizi və ya 5561,2 milyard manatı sosial yönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir.