2005-Cİ İLİN ƏN MƏZƏLİ ƏHVALATLARI
- Böyük Britaniyanın çimərliklərindən birində tapılmış və bir neçə ay bütün dünyanın halına acıdığı kar pianoçu, əslində fırıldaqçı imiş, üstəlik də, heç pianoda çala bilmirmiş.
- Yaponiya polisinin imtahana gecikən və avtomobil qəzasına düşən şagirdə ürəyi o qədər yanmışdır ki, işıq və səs siqnalları işə salınmış polis maşınlarının müşayiəti ilə onu məktəbədək ötürmüşdür. Nəticədə cavan oğlan imtahanın başlanmasına 10 dəqiqə qalmış məktəbə çatmışdır.
- Xorvatiya Prezidenti Stipe Mesiç bu il çətin vəziyyətə düşmüşdür. Məlum olmuşdur ki, ona bağışlanılan rəsm əsəri yerli sərgilərin birindən oğurlanmışdır.
- İsrailin varlı sakinlərindən biri arvadı ilə qalmaqaldan sonra 680 min dollar məbləğində pulu evinin qabağındakı çəmənlikdə yandırmışdır.
- Məşuqunun hamilə arvadını qətlə yetirmək üçün internet vasitəsilə muzdla qatil tutmuş yaponiyalı qadın sifarişin yerinə yetirilmədiyinə görə polisə şikayət etmişdir.
- Los-Ancelesdə əfqanıstanlı taksi sürücüsü sərnişinin unudaraq maşında qoyduğu 350 min dollarlıq zinət əşyalarını sahibinə qaytarmışdır. Minnətdar müştəri ona 10 min dollar və brilyant qolbaq hədiyyə etmişdir.
- ABŞ-ın Viskonsin ştatında pişik balası Emilinin içində qaldığı konteyner bağlanaraq Fransaya yola düşən gəmiyə qoyulmuşdur. Fransanın Nansi şəhərində dəcəl pişik balasının boynundakı xaltaya əsasən, ünvanı müəyyənləşdirilmiş və o, təyyarənin biznes-klass salonunda geriyə, sahibinə qaytarılmışdır.