İDMAN
2006-CI İL DÜNYA ÇEMPİONATININ AÇILIŞ MƏRASİMİNİN BÜDCƏSİ BÖYÜK OLMAYACAQ
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, FİFA Berlindəki Olimpiya stadionunda futbol üzrə dünya çempionatının açılış mərasimində böyük tamaşanı ləğv etsə də, Brandenburq darvazası qarşısında minlərlə azarkeşin iştirakı ilə təntənəli şou təşkil olunacaqdır. Tədbirin təşəbbüskarı, paytaxtın burqomistri Klaus Voverayt demişdir: “Biz bunu təkcə Berlin üçün deyil, bütün ölkə üçün edirik”. Bayramın büdcəsi ləğv edilmiş böyük tamaşa üçün ayrılan məbləğdən (25 milyon avro) az olacaqdır.
Əvvəlcə FİFA-nın nümayəndələri Brandenburq darvazası önundə şou keçirilməsinə etiraz etməsələr də, bunun üçün vəsait ayırmayacaqlarını bildirmişdilər. Lakin sonra FİFA-nın mövqeyi dəyişmişdir. Təşkilatın ictimaiyyətlə əlaqə üzrə direktoru Markus Ziqeer demişdir: “Biz Brandenburq darvazası qarşısında bayram təntənəsi üçün bir milyon avro ayırmışıq. Bu, Berlindəki Olimpiya stadionunda böyük tamaşa ləğv edildikdən sonra bizim xoş məramımızı ifadə edir”.
Bundan əlavə, FİFA-nın sponsorlarının 1,5 milyon avro, “Filips” konserninin isə 500 min avro verəcəyi gözlənilir. Berlinin burqomistri müxtəlif lotereyalardan da vəsait toplanacağına ümid bəsləyir.