ELM VƏ TƏHSİL
2007-Cİ İLDƏ SUMQAYIT MƏKTƏBLƏRİNİ ƏLA QİYMƏTLƏRLƏ BİTİRMİŞ BÜTÜN MƏZUNLAR YÜKSƏK BAL TOPLAYARAQ ALİ MƏKTƏBLƏRƏ DAXİL OLMUŞLAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 2007-ci ildə Sumqayıt məktəblərini əla qiymətlərlə bitirmiş məzunların hamısı ölkənin ali məktəblərinə daxil olmuşlar. Bu məzunların hər biri qəbul imtahanlarında 500-dən çox bal toplayaraq, məktəbdə qazandıqları nəticələri təsdiqləmişlər.
Bu məlumat yanvarın 17-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi regional müşavirədə səslənmişdir. Qeyd edilmişdir ki, sumqayıtlı məzunlar ali məktəblərə qəbul imtahanlarında həmişə yüksək nəticələr göstərirlər. İmtahana düşən bütün fənlər üzrə bu məzunların topladığı balların orta sayı respublika üzrə orta rəqəmlərdən yuxarı, ana dili və ingilis üzrə göstəricilər isə respublika üzrə ən yüksəkdir. Keçən il Sumqayıtın 50 məktəbini bitirmiş 1315 abituriyent qəbul imtahanlarını müvəffəqiyyətlə verərək, tələbə adı almışlar. Bu abituriyentlərdən 99 nəfərinin hər biri 600-dən çox bal toplamışlar. TQDK tərəfindən aparılmış elmi-statistik təhlilinin nəticələrinə görə Sumqayıt şəhərindəki üç lisey, bir gimnaziya və yeddi orta məktəb respublikanın ən yaxşı orta təhsil müəssisələri sırasına daxildirlər.
Hazırda ali məktəblərin birinci kurslarında təhsil alan sumqayıtlılardan 9 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür. İndi Sumqayıtdan olan 37 tələbə Prezident təqaüdü alır.