Azərbaycan Dövlət İnformasiya Agentliyi

2008-2012-Cİ İLLƏRDƏ AZƏRBAYCAN RESPUBLİKASINDA RƏSMİ STATİSTİKANIN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ DAİR
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Prezidentinin

2007-ci il 26 dekabr tarixli

Sərəncamı ilə təsdiq edilmişdir

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı” (bundan sonra - Dövlət Proqramı) son illər ölkədə aparılan iqtisadi islahatların davamıdır. Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması, ölkədə aparılan islahatları hərtərəfli əks etdirən statistik göstəricilər sisteminin dünya standartları səviyyəsinə çatdırılması və Azərbaycan Respublikası iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasını səciyyələndirən yeni statistik məlumatların əldə edilməsi məqsədini daşıyır.

Statistika sisteminin inkişafında keyfiyyətli dəyişikliklərə bu sahənin texnoloji modernləşdirilməsi, yeni informasiya texnologiyalarının, idarəetmədə yeni metodların tətbiqi və onun səmərəliliyinin yüksəldilməsi yolu ilə nail olunacaqdır.

Dövlət Proqramının başlıca vəzifələri aşağıdakıların icrasını təmin etməkdir:

- açıq statistik məlumatlara girişin sadəliyi və bütün maraqlı istifadəçilər üçün onların formalaşdırma metodologiyalarının şəffaflığı;

- milli statistika sistemi göstəricilərinin, onların formalaşdırma metodlarının müəyyənləşdirilməsində beynəlxalq statistik standartların və təsnifatların tətbiqinin daha da genişləndirilməsi;

- statistika təcrübəsində elmin müasir nailiyyətlərindən istifadə;

- respondentlərə düşən statistik məlumat yükünün azaldılması;

- ölkənin sosial-iqtisadi inkişafını və mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətini xarakterizə edən göstəricilərin çevik hesablanması üçün metodoloji əsasların yeniləşdirilməsi;

- müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə, statistik məlumatların toplanması, formalaşdırılması, saxlanması və yayılmasının təkmilləşdirilməsi;

- dövlət hakimiyyəti orqanlarının statistik məlumat ehtiyatlarının inteqrasiyası;

- rəsmi statistika məlumatlarının keyfiyyətinin yüksəldilməsi;

- respondentlərdən alınan ilkin statistik məlumatların konfidensiallığının təmin edilməsi metodlarının təkmilləşdirilməsi və s.

Bu vəzifələrin yerinə yetirilməsi statistik metodologiyanın yeniləşdirilməsinə, Azərbaycan Respublikasının sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyəti haqqında dolğun, düzgün və elmi cəhətdən əsaslandırılmış, eləcə də beynəlxalq statistika standartlarına cavab verən rəsmi statistik məlumatların əldə edilməsinə, mərkəzi icra hakimiyyəti orqanlarının statistik məlumat ehtiyatlarının birləşdirilməsinə, idarələrarası qarşılıqlı məlumat mübadiləsinin inkişafına imkan yaradacaqdır.

Nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi, ölkə miqyasında bütün statistik məlumat ehtiyatlarının inteqrasiyası əsasında dövlət hakimiyyəti orqanlarının vahid statistik məlumat sisteminin yaradılması ilə nəticələnəcəkdir.

Statistika işlərinə xərclərin və respondentlərə düşən məlumat yükünün azalmasını təmin edən seçmə müayinələrin geniş tətbiqi məlumatların inzibati mənbələrindən maksimum istifadə etməklə, ölkə iqtisadiyyatında baş verən hadisələr üzərində statistik müşahidələrin təşkilində mühüm əhəmiyyət kəsb edir.

Bu gün statistika işinin dünya standartları səviyyəsində yerinə yetirilməsi müasir informasiya texnologiyalarının tətbiqini zəruri edir. Bununla bağlı internet və informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə, statistik məlumatların toplanması, işlənməsi, saxlanması və təqdim edilməsi sisteminin modernləşdirilməsi üçün kompleks işlərin yerinə yetirilməsi nəzərdə tutulur.

Proqramın icrası statistik məlumat respondentləri və istifadəçilərinin qarşılıqlı əlaqə kanallarının formalaşdırılmasını, məlumat ehtiyatlarının qorunmasını, xüsusən də məlumat bazalarına icazəsiz girişlərdən müdafiəni təmin etməklə, statistik məlumat istifadəçilərinin tələblərinin müəyyənləşdirilməsinə imkan verəcəkdir.

Proqram üzrə tədbirlər 10 bölmədə qruplaşdırılmışdır.

I-III bölmələr statistikanın yeni istiqamətlərinin yaradılmasını və ənənəvi istiqamətlərin təkmilləşdirilməsini birləşdirməklə, real, xarici və sosial sektorları əhatə edir.

Statistikanın göstərilən istiqamətlərinin inkişafı Azərbaycan Respublikası iqtisadiyyatının cari vəziyyətinin, xarici və daxili şəraitin dəyişməsinin, sosial-iqtisadi inkişafın meyil və amillərinin aşkara çıxarılmasının, makroiqtisadi göstəricilərin təkmilləşdirilməsi və məlumat bazasının inkişaf etdirilməsi yolu ilə həyata keçirilməsini nəzərdə tutur. Bu, ölkənin sosial-iqtisadi inkişafının uzun, orta və qısamüddətli dövrlər üçün etibarlı layihə və proqnozların işlənib hazırlanmasına, dövlətin sosial-iqtisadi siyasəti sahəsində qəbul edilmiş qərarların səmərəliliyinin yüksəldilməsinə imkan yaradacaqdır.

Real sektor statistikası sahəsində statistik müşahidələrin, göstəricilərin və onların metodologiyasının təkmilləşdirilməsi çərçivəsində müəssisələr statistikasının gələcək inkişafı üzrə informasiya axınının optimallaşdırılmasına, milli hesablar sistemi göstəricilərinin qurulması üçün statistik məlumatların keyfiyyətinin yüksəldilməsinə və iqtisadi fəaliyyətin ayrı-ayrı sahələrinin inkişafının xarakterizə olunmasına xüsusi diqqət yetiriləcəkdir. Bunun üçün təsərrüfat subyektinin növündən asılı olaraq, müşahidənin müxtəlif metodlarının tətbiqinə əsaslanan statistik müşahidənin birləşmiş (inteqrasiya olunmuş) sisteminin yaradılması, kiçik sahibkarlıq subyektləri üzərində statistik müşahidənin təkmilləşdirilməsi, statistik məlumatların Beynəlxalq Valyuta Fondunun Məlumatların Yayılmasının Xüsusi Standartının tələblərinə tam uyğunlaşdırılmasının başa çatdırılması, müəssisələrin struktur statistikasının yaradılması, ölkə rəhbərliyinə, sahibkarlara, elmi işçilərə və ictimaiyyətə ölkədəki biznes mühiti haqqında dolğun informasiyanın çatdırılması məqsədilə konyunktur sorğuların mütəmadi keçirilməsi, sahibkarlara düşən informasiya yükünün azaldılması nəzərdə tutulur.

Energetika statistikasının islahatı ölkənin energetika sektorunda baş verən proseslərin izlənməsi və öyrənilməsi, bu sahədə düzgün qərarların, qısa və uzunmüddətli strategiyanın qəbul olunması, prioritet və perspektivlərin müəyyənləşdirilməsi, milli energetika ehtiyatlarının idarə olunmasına yönəldilmiş dövlət siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi üçün milli enerji balansının strukturu və tərtibi metodologiyasının təkmilləşdirilməsi, alternativ və bərpa olunan enerji mənbələri statistikasının yaradılması, zəruri statistik məlumatların əldə olunması istiqamətində aparılacaqdır.

Kənd təsərrüfatı statistikasında beynəlxalq təcrübələr nəzərə alınmaqla, çoxillik əkmələrin, bağçılıq təsərrüfatlarının müayinəsi, cins mal-qara və quşların uçotu metodologiyasının hazırlanması və tətbiq edilməsi, bitkiçilik məhsullarının yetişdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının seçiminə təsir göstərən amillərin öyrənilməsi və kəndin sosial-iqtisadi inkişafı üzərində statistik müşahidələrin təşkili planlaşdırılır.

Tikinti fəaliyyətini hərtərəfli xarakterizə edən statistik müşahidənin bütöv sisteminin yaradılması tikintidə baş verən proseslərin obyektiv xüsusiyyətlərinin əldə edilməsini nəzərdə tutur. Bu, tikintiyə icazənin verilməsi anından obyektin tikintisinin başa çatdırılmasına qədər, həmin tikintinin vəziyyəti, tikilən mənzillərin keyfiyyəti və texniki xüsusiyyətləri haqqında və digər məlumatlara malik olmağa imkan verəcəkdir.

Mənzil-kommunal təsərrüfatı sektorunda islahatların statistik informasiya təminatının yaxşılaşdırılması məqsədilə ipoteka, habelə fərdi mənzil tikintisinin kreditləşdirilməsi və s. haqqında məlumatların əldə edilməsi üçün monitorinqin təşkili nəzərdə tutulur.

Nəqliyyat-yol kompleksi, onun infrastrukturunun vəziyyəti və inkişafı sahəsində mövcud statistika məlumatlarının unifikasiyası və sistemləşdirilməsi, elektron informasiya bazasının yaradılması, ölkənin avtomobil yollarının siyahıyaalınması, fərdi sahibkarlar da daxil olmaqla, yük avtomobili statistikasının təkmilləşdirilməsi kimi işlərin həyata keçirilməsi planlaşdırılır.

İnformasiya cəmiyyətinin formalaşmasında müstəsna rolu olan və sosial-iqtisadi həyatın əsas sahələrinə ciddi nüfuz etmiş informasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqi səviyyəsinin öyrənilməsinin rəsmi statistikanın prioritetlərindən biri olduğunu nəzərə alaraq, informasiya cəmiyyəti üzrə statistik məlumat bazasının yaradılması və onun metodologiyasının hazırlanması, beynəlxalq şəbəkəyə çıxış imkanları və onlardan istifadənin məqsəd və xarakterinin statistik öyrənilməsi, elektron ticarətin metodologiyasının hazırlanması və statistikanın təşkili nəzərdə tutulur.

Turizm statistikası sahəsində turizmin mövcud inkişafının kompleks xarakterizə olunmasını təmin edən göstəricilər sistemi, ümumdünya ticarət və turizm təşkilatlarının tövsiyələrinə uyğun olaraq, turizm sahəsində seçmə müayinələrin keçirilməsinin təşkilinə dair metodologiya hazırlanacaq və turizmin ayrı-ayrı sahələrində statistik müayinələrin aparılması təşkil ediləcəkdir.

Əmək statistikası sahəsində işlərin Beynəlxalq Əmək Təşkilatının meyarlarına tam uyğunlaşdırılması, iş vaxtının yeni indikatorlarının işlənib hazırlanması, məşğul əhalinin iş vaxtının, sağlamlıq imkanları məhdud olan şəxslərin iqtisadi əmək fəaliyyətinə cəlb olunması şərtləri barədə statistik tədqiqatların keçirilməsi nəzərdə tutulur.

Maliyyə statistikasının mühasibat uçotunun beynəlxalq standartları səviyyəsində yenidən qurulması, milli hesablar sisteminin maliyyə aktiv və passivlərinin iqtisadiyyatın sektorları arasında bölüşdürülməsini əks etdirən maliyyə hesabının tərtibi, holdinq, maliyyə-sənaye qrupları, transmilli korporasiyaların fəaliyyətinin statistik öyrənilməsi həyata keçiriləcəkdir.

Qiymət statistikası sahəsində “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 31 may tarixli 242 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə ticarət şəbəkəsində qiymət artımına təsir göstərən amillərin aşkar edilməsinə dair statistik müayinənin aparılması, dövlət tərəfindən tənzimlənən qiymət və tariflərin uçotu üzrə metodologiyanın yaradılması, istehsalçı qiymətlərinin uçotunun aparılması üzrə metodologiyanın təkmilləşdirilməsi nəzərdə tutulur.

Xarici sektor statistikası sahəsinin əsas vəzifəsi ölkənin tədiyyə balansının tərtibi və xarici borcun müəyyənləşdirilməsi üçün statistik informasiya təminatının yaxşılaşdırılmasından, habelə xarici ticarət statistikasının elektron informasiya sisteminin təkmilləşdirilməsindən ibarətdir. Bu məqsədlə xarici investisiyalar üzrə göstəricilərin, o cümlədən dövlət öhdəliyi yaratmayan xarici borcalmaların statistikanın aparılmasına dair metodologiyanın hazırlanması, xarici ticarətin elektron məlumat bazasına bütün istifadəçilərin sərbəst girişinin təmin edilməsi, fiziki şəxslər tərəfindən gömrük yük bəyannaməsinin tərtib edilməsi tələb olunmayan, idxal və ixrac edilən malların həcminin (dəyərinin) müəyyənləşdirilməsi metodologiyasının təkmilləşdirilməsi nəzərdə tutulur.

Sosial sektor statistikası sahəsində miqrasiya proseslərinin öyrənilməsi, təhsil statistikasının və onun informasiya bazasının təkmilləşdirilməsi məqsədilə gündüz ümumtəhsil məktəblərinin qış mövsümünə hazırlığı, onların maddi-texniki bazasının vəziyyətinin və pedaqoji kadrlarla təminatının öyrənilməsi, səhiyyə müəssisələrinin maddi təchizatı və orada göstərilən xidmətlərin keyfiyyətinə dair statistik tədqiqatın keçirilməsi, səhiyyə statistikası üzrə məlumatların toplanmasının elektron şəbəkəsinin yaradılması, ətraf mühitin mühafizəsi və təbii ehtiyatların səmərəli istifadəsi üçün investisiya qoyuluşu ilə bağlı statistik müayinənin təşkili, ölkədə bədən tərbiyəsi və idmanın inkişafını əks etdirən statistik göstəricilər sisteminin hazırlanması, habelə sosial statistika üzrə digər işlər həyata keçiriləcəkdir.

IV bölmə rəsmi statistikanın məlumat sistemində iqtisadi-statistik təsnifatlar sisteminin inkişafına həsr olunmuşdur. Belə ki, burada qüvvədə olan milli təsnifatların təkmilləşdirilməsi və yenilərinin hazırlanması, ölkə iqtisadiyyatında milli təsnifatların tətbiqi mexanizminin təkmilləşdirilməsi, milli təsnifatların beynəlxalq iqtisadi təsnifatlarla uyğunlaşdırılması nəzərdə tutulmuşdur. Bu məqsədlə investisiya, aralıq və istehlak malları, ətraf mühitin mühafizəsi üçün çəkilən xərclərin, bələdiyyə ərazilərinin, məşğulluq, iqtisadi fəaliyyət növlərinin, məhsul və sənaye məhsullarının təsnifatları işlənəcək və ya onların yeni versiyaları hazırlanacaqdır.

V bölmə statistik müşahidələrin müasir metodlarının tətbiqi əsasında respondentlərə düşən məlumat yükünün minimuma endirilməsinə yönəldilmişdir. Seçmə müayinələrin geniş tətbiqi statistik işlərin həyata keçirilməsi üçün vaxtın, xərclərin və respondentlərə düşən məlumat yükünün azaldılmasını təmin edəcəkdir. Ehtimal seçmə prinsiplərinə əsaslanan seçmə metodunun tətbiqi bütün məcmu barəsində elmi əsaslandırılmış nəticələri çıxarmağa və bununla yanaşı, alınmış nəticələrin dəqiqliyi üzərində statistik nəzarətin həyata keçirilməsinə imkan verəcəkdir. Ölkədə gələcəkdə bu cür müayinələrin sayı xeyli artacaq və onlar iqtisadiyyatın bütün sektorlarında tətbiq olunacaqdır.

Dövlət hakimiyyəti orqanlarının inzibati məlumatlarından istifadə təcrübəsinin genişləndirilməsi də respondentlərə düşən məlumat yükünün azaldılmasına yönəldilmişdir. Bu məsələlərlə bağlı təsərrüfat subyektləri tərəfindən hesabatların elektron formada təqdim olunması proqramlarının və digər əyani vasitələrin hazırlanması, statistika orqanlarına müəssisə və təşkilatlardan (kiçik sahibkarlıq subyektləri istisna olmaqla) kağız formada daxil olan hesabatların elektron formaya keçirilməsi məsələləri həll ediləcəkdir.

VI bölmə dövlət hakimiyyəti orqanlarının hazırladığı statistik informasiya resurslarının inteqrasiya və harmonizasiyasına (uyğunlaşdırılmasına) yönəlmiş tədbirlərdən ibarətdir. Müasir dövrdə dövlət səviyyəsində bütün statistik informasiya ehtiyatlarının inteqrasiyası məsələlərinin həll olunması əsasında statistik məlumatların vaxtında əldə edilməsini, keyfiyyətinin yüksəldilməsini təmin etmək üçün vahid statistik informasiya təminatı sisteminin təşkili zərurəti yaranmışdır. Bu, milli iqtisadiyyatın və sosial sferanın vəziyyəti və inkişaf dinamikasının təhlili, bütün sahələrdə idarəetmə və proqnozlaşdırma məsələlərinin həllində səmərəliliyi artırmaq məqsədini daşıyır. Bu bölmə daxilində mərkəzi icra hakimiyyəti orqanlarının informasiya sistemlərinin texnoloji və texniki uyğunlaşmasına nail olunacaq, dövlət idarəetmə orqanları arasında elektron məlumat mübadiləsi yaradılacaqdır.

VII bölmə müasir informasiya-telekommunikasiya texnologiyalarının tətbiqi əsasında rəsmi statistika orqanlarında statistik informasiyanın yığılması, işlənməsi, saxlanması və yayılması sisteminin yeniləşdirilməsi ilə bağlıdır. Bu, mikroməlumat bazalarının formalaşması üçün əsas yaradacaqdır. İnternet texnologiyalarının tətbiqi statistik məlumatlara təcili daxilolma imkanlarının genişləndirilməsinə, istifadəçilərin sayının artmasına və xidmətin yeni keyfiyyət səviyyəsinə çatdırılmasına xidmət edəcəkdir. Bununla yanaşı, yeni texnologiyanın tətbiqinə yönəlmiş qərarlar əsasında mütəxəssislərin bütün iş yerlərinin avtomatlaşdırılması, onların müasir texniki və proqram vasitələri ilə yenidən təchiz olunması və dövlət statistika orqanlarında məlumatın işlənməsinin yeni texnoloji strukturunun, habelə Dövlət Statistika Komitəsində elektron kitabxananın yaradılması planlaşdırılır. Məlumat ehtiyatlarının əsasını məlumat şəbəkəsi vasitəsilə statistik məlumatların toplanması, formalaşdırılması, saxlanması və yayılması təşkil etdiyindən, mütəxəssislərin və texniki heyətin biliklərinin təkmilləşdirilməsi məsələsinə də diqqət yetiriləcəkdir.

VIII bölmə statistik informasiya istifadəçiləri ilə qarşılıqlı əlaqə sisteminin inkişafına yönəlmişdir. Müasir texnologiyaların tətbiqi rəsmi statistika məlumatlarının istifadəçilərə çatdırılmasının çevikliyini artırmağa imkan verir. Qarşılıqlı məlumat əlaqəsi prosesində statistik məlumat istifadəçiləri ilə əks əlaqə kanalının qurulması dövlət statistika orqanlarına statistik məlumatlara tələbat dərəcəsini qiymətləndirməyə, statistik məlumatların yayılması üçün yeni yanaşmaları hazırlamağa imkan verəcəkdir.

IX bölmə beynəlxalq əməkdaşlığın inkişafına həsr olunmuşdur. Avropa İttifaqı ilə qonşuluq proqramına əsasən, statistika sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, bağlanmış beynəlxalq müqavilələr çərçivəsində birgə işlərin həyata keçirilməsi, beynəlxalq seminarlarda, konfranslarda iştirak nəzərdə tutulur ki, bu da ölkədə rəsmi statistikanı Avropa standartlarına uyğunlaşdırılmaqla onun inkişafına xidmət edəcəkdir.

X bölmə yerli statistika orqanlarında iş şəraitinin yaxşılaşdırılmasına, bir sıra rayonlarda inzibati binaların inşası və ya yenidən qurulmasına yönəldilmişdir.

Dövlət Proqramının dövlət büdcəsində Dövlət Statistika Komitəsinə nəzərdə tutulan vəsait və qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Həmin vəsaitlərdən statistikanın ənənəvi istiqamətlərinin statistik metodologiyasının təkmilləşdirilməsi, onun yeni istiqamətlərinin inkişafı, hesablama texnikasının, telekommunikasiya və digər avadanlıqların, proqram təminatının əldə edilməsi üçün istifadə ediləcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin