İDMAN
2009–2010-cu il təvəllüdlü şahmatçılar arasında Bakı birinciliklərinin qalibləri müəyyənləşib
Bakı, 13 mart, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 2009–2010-cu il təvəllüdlü oğlan və qızlar arasında şahmat üzrə paytaxt birincilikləri başa çatıb.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, Respublika Şahmat Mərkəzində keçirilən yarışda 64 zəka sahibi (27-si qız) iştirak edib.
Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə yarışlar 9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilib.
Oğlanların yarışında Tunar Davudov 8 xalla birinci olub. Qızların mübarizəsində isə 8,5 xalla Suada Abaszadə qızıl medal qazanıb.
Yarışda ilk üçlükdə qərarlaşan şahmatçılarla yanaşı, oğlanlar arasında dördüncü, qızların mübarizəsində isə 4-5-ci pillədə qərarlaşan idmançılar mayın 14-də keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıblar.
Yarışda Ömər Qədirli 5,5 və Emil Mirzəyev isə 5 xal toplayaraq birinci dərəcə normasını yerinə yetiriblər.
Birincilikdə ilk üç yeri tutan idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.