İQTİSADİYYAT
“2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icra statusuna dair Əlaqələndirmə Qrupunun növbəti iclası keçirilmişdir
Bakı, 19 iyul (AZƏRTAC). İyulun 19-da Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icra statusuna dair Əlaqələndirmə Qrupunun aidiyyəti dövlət orqanlarının iştirakı ilə növbəti iclası keçirilmişdir.
QKDK-dan AZƏRTAC-a bildirmişlər ki, iclasda QKDK-nın sədr müavini, Əlaqələndirmə Qrupunun rəhbəri İlqar Muradov Dövlət Proqramının qiymətli kağızlar bazarında əlverişli işgüzar mühitin formalaşdırılması ilə yanaşı, ölkədə müasir bazar infrastrukturunun yaradılmasında mühüm yer tutduğunu bildirmişdir.
İ.Muradov bu müddət ərzində Dövlət Proqramının icra statusuna nəzər salaraq yeni normativ aktların hazırlanması, qanunvericilik bazasının formalaşdırılması, tələb və təklifin stimullaşdırılması, bilik və bacarıqların artırılması, həmçinin peşəkar bazar iştirakçılarının potensialının gücləndirilməsi istiqamətində bir çox layihələrin həyata keçirildiyini diqqətə çatdırmışdır.
Daha sonra aidiyyəti dövlət qurumları tərəfindən 2013-cü ilin ilk yarım illiyi üzrə Dövlət Proqramına uyğun həyata keçirilmiş tədbirlər, habelə 2013-cü ilin sonunadək nəzərdə tutulmuş tədbirlərin icra mexanizmləri və bu istiqamətdə görüləcək işlər barədə fikir mübadiləsi aparılmışdır.