DÜNYA
2013-cü ildə dünyanın ən zəngin şəxslərinin sərvəti 524 milyard dollar artmışdır
Bakı, 7 yanvar (AZƏRTAC). Dünyanın ən varlı şəxsləri ötən il öz sərvətlərini daha 524 milyard dollar artırmışlar. Dekabrın 31-də 300 ən zəngin milyarderin varidatı ümumilikdə 3,7 trilyon dollar təşkil etmişdir.
“Forbes” jurnalının yaydığı məlumata görə, 2013-cü ildə dünya milyarderlərinin aktivlərinin həcmi yeni rekord səviyyəyə çatmışdır. “Forbes”in milyarderlər siyahısına 200 yeni üzv əlavə olunmuşdur. Hazırda bu siyahıda 1426 nəfər yer alır və onlar ümumilikdə 5,4 trilyon dollar sərvətə malikdirlər.
Microsoft korporasiyasının banisi 58 yaşlı Bill Geyts ötən il sərvətini daha 15,8 milyard dollar artıraraq 78,5 milyard dollara çatdırmışdır. O, milyarderlər arasında ən yüksək illik artıma korporasiyanın səhmlərinin dəyərinin 40 faiz artması sayəsində nail olmuşdur. Beləliklə, Bill Geyts 2013-cü ildə dünyanın ən varlı adamı titulunu geri qaytarmış, öz sərvəti ilə meksikalı investor Karlos Slimi qabaqlamışdır.
Varidatının artım tempinə görə ikinci yeri dünyanın ən böyük kazino şəbəkəsi olan Las Veqas Sands korporasiyasının sahibi Şeldon Adelson tutmuşdur. Korporasiyanın səhmlərinin qiyməti ötən il 71 faiz yüksəlmiş və bu hesaba Şeldonun sərvəti 14,4 milyard dollar artmışdır.
Dünya milyarderlərinin reytinqində 37-ci olan rusiyalı Əlişir Usmanovun sərvəti 1,4 milyard dollar artaraq 20,2 milyard dollar təşkil etmişdir. Rusiya milyarderləri arasında ötən il sərvətinin ən yüksək artımına isə “Maqnit” ASC ərzaq şəbəkəsinin sahibi Sergey Qalitski nail olmuşdur. İl ərzində 5,3 milyard dollar qazanan rusiyalı milyarderin varidatı 13,8 milyard dollara çatmışdır.
Avropa və Asiyada status-kvo qorunub saxlanmışdır. Bir sıra tekstil brendlərinin məxsus olduğu İndıtex biznes qrupunun yaradıcısı və sabiq prezidenti ispan Amansio Orteqa Avropada, Cheung Kong Holdings Ltd investisiya kompaniyasının sahibi Li Kaşi isə Asiyada ən varlı şəxslər olaraq qalmışlar.