ELM VƏ TƏHSİL
2016-cı il Tarix İnstitutu üçün uğurlu nəticələrlə yadda qalıb
Bakı, 28 dekabr, AZƏRTAC
Dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda elmi şuranın iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, iclasda əvvəlcə iştirakçılar AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər haqqında elanla tanış olublar.
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov vurğulayıb ki, rəhbərlik etdiyi bu elmi müəssisənin tədqiqat fəaliyyəti dövlətimizin başçısının daim diqqət mərkəzindədir. O deyib ki, tarix ixtisası üzrə AMEA-nın həqiqi üzvü üçün üç, müxbir üzvü üçün isə bir yer ayrılıb.
Sonra Tarix İnstitutunun elmi şurası tərəfindən AMEA-nın həqiqi üzvlüyünə seçkilərdə iştirak etmək üçün akademiyanın müxbir üzvləri Nərgiz Axundovanın və Yaqub Mahmudovun namizədlikləri irəli sürülüb.
Tədbirdə tarixçi alimlər Cəbi Bəhramov, Məryəm Seyidbəyli, Tofiq Nəcəfli, İradə Bağırova, Tofiq Mustafazadə, Şahin Fazil və başqaları N.Axundovanın və Y.Mahmudovun elmi və elmi-təşkilati fəaliyyətini yüksək dəyərləndiriblər. Diqqətə çatdırılıb ki, 2016-cı ildə Tarix İnstitutunda 49 adda yeni kitab çap olunub.
İnstitut direktorunun müavini T.Nəcəfli qeyd edib ki, bu elmi müəssisədə son 12 ildə 350-dək kitab çap olunub. Bu da ümumiyyətlə 2004-cü ilədək - 65 ildə Tarix İnstitutunda çap olunmuş kitabların sayından daha çoxdur.
T.Mustafazadə bildirib ki, 80 yaşlı Tarix İnstitutu hazırda öz intibah dövrünü yaşayır. İnstitutda qısa vaxtda İrəvanın, Qarabağın, Naxçıvanın, Göyçə və Zəngəzurun, Şimal-Qərbi Azərbaycanın, Borçalının, Dərbəndin, habelə Cənubi Azərbaycanın tarixi ciddi araşdırılıb, fundamental tədqiqat əsərləri yazılıb.
İclasda, həmçinin “Tarix İnstitutunun elmi əsərləri” jurnalının ingilis dilində çap olunması qərara alınıb. İnstitutun beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nərgiz Axundova nəşrin məsul katibi təyin edilib.
Sonda Y.Mahmudov bildirib ki, 2016-cı il Tarix İnstitutu üçün məhsuldar olub. Bu il “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” (ispan və ərəb dillərində), “Real tarix və “Böyük Ermənistan” uydurması” (ispan və rus dillərində), “Azərbaycan Respublikasının tarixi” ikicildliyi, “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları”, 4 adda İrəvan xanlığının tarixinə dair broşürlər - “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi Xan sarayı”, “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası”, “Çuxursəd hakimləri və İrəvan xanları” (Azərbaycan, rus və ingilis dillərində) və digər kitablar nəşr olunub.