İQTİSADİYYAT
2016-cı ildə gömrükçülər tərəfindən 9016 hüquqpozma faktı aşkar edilib
Bakı, 23 yanvar, Elvin Camalov, AZƏRTAC
2016-cı ildə gömrükçülər tərəfindən 9016 hüquqpozma faktı aşkar edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 23-də Dövlət Gömrük Komitəsində 2016-cı ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında deyilib.
DGK sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bildirib ki, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, respublikamızın dinamik inkişaf yolu ilə inamla irəliləməsi və beynəlxalq nüfuzunun sürətlə artması ümummilli lider Heydər Əliyevin müdrikliyi və sarsılmaz iradəsi, uzaqgörən siyasəti sayəsində mümkün olub.
A.Əliyev vurğulayıb ki, müstəqilliyimizin ilk illərində ölkə iqtisadiyyatının digər sahələri kimi, ciddi tənəzzül dövrünü yaşayan gömrük xidməti də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra köklü kadr islahatları və kompleks tədbirlər nəticəsində stabil və dinamik inkişaf yoluna qədəm qoyub. Məhz Ümummilli Liderin tələbkarlığı gömrük orqanlarında uğurların təminatçısı olub, beləcə, gömrük sistemi dövlətin milli maraqlarına xidmət edən, iqtisadi təhlükəsizliyin keşiyində dayanan, sosial-iqtisadi inkişafı stimullaşdıran nüfuzlu bir orqana çevrilib.
Komitə sədri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan gömrüyünün öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Son illər ərzində Azərbaycan Gömrük Xidmətinin öz inkişafının ən yüksək mərhələsinə doğru inamla irəliləməsi dövlət başçısının respublikamızda hər bir sahəyə olduğu kimi, gömrük sisteminə də olan diqqət və qayğısının bariz nümunəsidir.
Hesabat məruzəsi ilə çıxış edən DGK sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev məlumat verib ki, 2016-cı il üçün Dövlət Gömrük Komitəsi üzrə müəyyənləşdirilən illik büdcə proqnozunun yerinə yetirilməsi təmin olunub. İl ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulmuş 1 milyard 810 milyon manat proqnoza qarşı, faktiki olaraq 2 milyard 291,6 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoz 126,61 faiz yerinə yetirilib.
S.Mehdiyev bildirib ki, 2016-cı il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9016 hüquqpozma faktı aşkar edilib və bu faktlardan 439-u cinayət xarakterli faktlar olub.
S.Mehdiyevin sözlərinə görə, gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən görülmüş qətiyyətli tədbirlər nəticəsində 2016-cı il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 130 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə 1 ton 136 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov və digərləri çıxış edərək ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat veriblər.
Daha sonra DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2017-ci il üçün iş planı, həmçinin Dövlət Gömrük Komitəsinin 2017-2021-ci illər üzrə inkişafına dair fəaliyyət planı barədə məlumat verib və hər iki sənəd təsdiq olunub.
Tədbirə yekun vuran DGK sədri Aydın Əliyev vurğulayıb ki, Dövlət Gömrük Komitəsinin rəhbərliyi və onun çoxsaylı kollektivi bundan sonra da müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması işində yaxından iştirak edəcək, qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarığını əsirgəməyəcək.