İQTİSADİYYAT
2017-ci ilin yanvar-may aylarında qeyri-neft sektorunda məhsul istehsalı 3,9 faiz artıb
Bakı, 14 iyun, AZƏRTAC
2017-ci ilin yanvar-may aylarında ölkə sənayesində 15,7 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,9 faiz artıb, neft sektorunda isə 7,1 faiz azalıb.
Sənaye məhsulunun 70,2 faizi mədənçıxarma sektorunda, 24,4 faizi emal sektorunda, 4,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 9,2 faiz azalıb, əmtəəlik qaz hasilatı isə ötən ilin müvafiq dövrünün səviyyəsində qalıb.
Emal sektorunda qida məhsullarının istehsalı 3,1 faiz, içkilərin istehsalı 37,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,2 dəfə, geyim istehsalı 62,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 87,5 faiz, kağız və karton istehsalı 1,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 22,0 faiz, əczaçılıq məhsullarının istehsalı 2,0 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 57,0 faiz, tikinti materiallarının istehsalı 41,4 faiz, kompüter və elektron məhsulların istehsalı 72,1 faiz, elektrik avadanlıqlarının istehsalı 2,1 dəfə, maşın və avadanlıqların istehsalı 18,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 24,4 faiz, mebel istehsalı 34,7 faiz artıb, tütün məmulatlarının istehsalı 38,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 58,8 faiz, poliqrafiya məhsullarının istehsalı 32,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 6,5 faiz, hazır metal məmulatlarının istehsalı 34,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 57,2 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,8 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,1 faiz azalıb.